CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayət araşdırılıb
Bakı, 27 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə İsmayıllı-Lahıc avtomobil yolunun kənarında fəaliyyət göstərən “Dağ şəlaləsi” istirahət mərkəzindən çirkab suların birbaşa Girdiman çayına axıdılması ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin əraziyə keçirilən baxış zamanı istirahət mərkəzində ekoloji və sanitar qaydalara riayət olunmadığı, primitiv üsulla inşa edilmiş sanitar qovşaqda əmələ gələn çirkab sularının birbaşa Girdiman çayına axıdıldığı faktı öz təsdiqini tapıb.
Faktla bağlı istirahət mərkəzinin sahibi Əkbər Fətəliyev barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində inzibati qaydada 1000 (min) manat məbləğində cərimə olunub. Mövcud çatışmazlıqların təcili aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Operativ tədbirlər nəticəsində çirkab suların çaya axıdılmasının qarşısı alınıb.