CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayət araşdırılıb
Bakı, 14 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Nəsimi rayonu, Cavadxan küçəsi 68 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əraziyə baxış zamanı həmin ünvanda 9 sot torpaq sahəsinin hasara alındığı və hasar daxilində diametri 8-40 santimetr olan yaşköküstə 12 müxtəlifcinsli ağacın olduğu müəyyənləşib. Ağacların zədələnməsi və kəsilməsi faktı aşkar edilməyib.
Araşdırma zamanı torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında hündürmərtəbəli yaşayış binasının tikintisi üçün “Fidan” Mənzil Tikinti Kooperativinə (MTK) ayrıldığı məlum olub.
Mövcud vəziyyətlə bağlı şikayətçilərin iştirakı ilə qanunauyğun qaydada akt tərtib edilib və ərazidəki ağacların qorunub mühafizə olunması üçün “Fidan” MTK-ya icrası məcburi olan “məcburi göstəriş” verilib.
Nazirlik ağacların kəsilməsinin qarşısının alınmasında təşəbbüs göstərən vətəndaşlara və kütləvi informasiya vasitəsi nümayəndələrinə təşəkkürünü bildirir. ETSN qabaqlayıcı tədbirlərin görülməsi üçün ictimaiyyət nümayəndələrindən dəstək gözləyir.