CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayət araşdırılıb
Bakı, 26 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən metaləritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı şikayət daxil olub. Nazirliyin əməkdaşları şikayəti yerində araşdırıb və monitorinq keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyənləşib.
Faktla bağlı sexin sahibi Ümüdvar Ağayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimələnib.
Atmosferə tullantıların atılmasının qarşısının alınması məqsədilə sex sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.