CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşlarının peşə bayramıdır.
ETSN-dən AZƏRTAC-a bildiriblər ki, peşə bayramı münasibətilə nazirliyin əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb.
Peşə bayramı ilə əlaqədar tədbirlər Suraxanı rayonu ərazisində beton yolun kənarındakı yaşıllıq zonasında davam etdirilib.
Nazir Muxtar Babayev peşə bayramı münasibətilə nazirliyin kollektivini təbrik edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə digər sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsi istiqamətində də qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini və bu işlərin bundan sonra da inkişaf tempinə uyğun olaraq uğurla davam etdiriləcəyini bildirib. M.Babayev dövlət başçısının ekologiya sahəsində çalışanların əməyinə yüksək qiymət verdiyini, onların təltif edilməsini, fəxri adlara layiq görülməsini Azərbaycan dövlətinin ekologiya işçilərinə göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirib.
Ətraf mühitin mühafizə edilməsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənən ekoloqlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. Sonra nazirliyin kollektivi adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Daha sonra nazirliyin kollektivinin, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Suraxanı rayonu ərazisində beton yolun kənarındakı yaşıllıq sahədə iməcilik keçirilib. Ərazidə abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib.