REGİONLAR
Ekologiya və təbii sərvətlər naziri Ağsuda vətəndaşları qəbul edib VİDEO
Ağsu, 3 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Qəbul zamanı müxtəlif məsələlərlə bağlı müraciətlər dinlənilir, ərizə və şikayətlərin operativ həlli üçün konkret tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov iyunun 3-də Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində Ağsu, Göyçay, Şamaxı, Qobustan və Kürdəmirdən olan 40 nəfərə yaxın vətəndaşı qəbul edib.
Nazirliyin idarə və departamentlərinin, habelə tabeli qurumların rəhbərlərinin də iştirak etdikləri qəbulda hər bir müraciət diqqətlə dinlənilib. Müraciətlər, əsasən ətraf mühitin, o cümlədən meşələrin mühafizəsi, ekoloji tarazlığın qorunması, biomüxtəliflik, geologiya, hidrometerologiya, habelə işə qəbul və sair məsələlərlə bağlı olub.
Müraciətlərin bir çoxu operativ surətdə yerindəcə həll edilib. Araşdırılması və qanunvericiliyə müvafiq həll edilməsi zəruri olan bəzi müraciətlər, şikayət və təkliflər isə qeydiyyata alınaraq nəzarətə götürülüb, nazirliyin müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
Qəbul zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Rayonlardan gələn vətəndaşlar qəbul üçün yaradılan şəraitdən razılıqlarını bildirib, bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıq ediblər.