CƏMİYYƏT
Ekologiya və təbii sərvətlər naziri: Azərbaycan meşələrin sahəsini genişləndirən tədbirlərin səmərəliliyinə görə dünyada ikinci ölkədir
Bakı, 18 noyabr, Əziz Məmmədov, AZƏRTAC
Noyabrın 14-dən 17-dək Mərakeşdə BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 22-ci Tərəflər Konfransı keçirilib. Konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edib. Paris sazişini vaxtında ratifikasiya edən ölkəmiz bu istiqamətdə sanballı uğurlar qazanıb. Qlobal iqlim dəyişmələri bütün bəşəriyyət üçün böyük təhlükədir. Bu təhlükənin qarşısını almaq üçün Azərbaycanda qlobal iqlim dəyişmələri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi istiqamətində konkret tədbirlər görülüb və atmosferə atılan tullantıların azaldılması üzrə konkret layihələrin icrası bundan sonra da davam edəcək. Bundan əlavə, respublikada alternativ və bərpa olunan enerjidən istifadə genişləndirilib, yaşıllıqların mühafizəsi gücləndirilib. Nəticədə hətta beynəlxalq müşahidəçilər də təsdiq ediblər ki, Azərbaycan yaşıllıqlar sahəsinin ildən-ilə genişləndirildiyi az sayda ölkələrdən biridir. Bu faktı Yel və Kolumbiya universitetləri mütəxəssislərinin tədqiqatlarının nəticələri də təsdiq edir. Həmin nəticələrə görə, Azərbaycan son on ildə meşə sahəsinin mühafizəsi və genişləndirilməsində irəliləyiş əldə edən ölkələr arasında ikinci yeri tutur. Bundan əlavə, ölkəmiz atmosferi çirkləndirən tullantıların azaldılması üzrə tədbirlərin keçirilməsinin səmərəliliyinə görə dünyada beşinci yerdədir.
AZƏRTAC xəbər verir ki, bu fikri 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology” sərgisinə gələn Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə müsahibəsində səsləndirib.
Təbiəti mühafizə idarəsinin başçısı belə sərgilərin Azərbaycanda keçirilməsini yüksək qiymətləndirərək deyib: “Bu sərgi Xəzər və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində keçirilən ən böyük tədbirdir. Sərgidə ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli istifadə sahəsində innovativ layihələr təqdim edilib. “Caspian Ecology 2016” 14 ölkədən, o cümlədən Azərbaycan, Böyük Britaniya, Almaniya, Danimarka, Çexiya qarşılıqlı əməkdaşlıq qurmağa çalışan 62 şirkəti bir məkanda toplayıb. Bakıda keçirilən ənənəvi sərgi görülən işlərin həcmini və əldə olunmuş nailiyyətləri nümayiş etdirir, ekologiya sahəsində fikir mübadiləsi aparmaq və ekoloji texnologiyalara ehtiyacı olan ölkələrlə əməkdaşlığı nizama salmaq üçün şərait yaradır”.