CƏMİYYƏT
Ekologiya və təbii sərvətlər naziri İsveçrənin Eclepens şəhərindəki sement zavodunun fəaliyyəti ilə tanış olub
Bakı, 7 fevral, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və nazirliyin təmsilçiləri İsveçrənin Cenevrə şəhərində səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti “LafargeHolcim LTD” şirkətinin Eclepens şəhərindəki sement zavodunu ziyarət edib, müəssisənin fəaliyyəti ilə yaxından tanış olub və istehsal proseslərinə baxış keçirib.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, zavodun direktoru Fransua Jiro qonaqlara müəssisənin Avropada ən aparıcı zavodlardan biri olmaqla ekoloji dəyərlərə üstünlük verdiyini bildirib. O, qeyd edib ki, zavod idman döşəmələri, konveyer və şin kimi kauçuk əsaslı tullantılar emal edilir. Sement zavodunda tullantıların emalı onların heç bir kül qalığı olmadan optimal istifadəsini təmin etdiyi, eləcə də qlobal istixana qazı emissiyalarının azaldılmasına və fosil yanacaqdan daha az asılı olan sənayeyə keçidə töhfə verdiyi üçün zibilxanaların praktik, iqtisadi cəhətdən əlverişli və ekoloji cəhətdən üstünlük verilən alternativini təmin edir.
Bildirilib ki, “LafargeHolcim LTD” şirkəti tullantıların idarə olunması üzrə əməliyyatlarını “Geocycle” brendi vasitəsilə həyata keçirir. Dünya üzrə 50-dən çox ölkədə iki min işçisi ilə 10 mindən çox müştəriyə xidmət göstərən bu şirkət ekoloji həll təklif edən aparıcı şirkətlərdən birinə çevrilib.
“Geocycle” şirkətinin Avropa üzrə direktoru Toma Giyo qeyd edib ki, Avropada il ərzində 2,5 milyard ton tullantı yaranır və hazırda poliqonlarda basdırılma və yandırılma əsas həll olaraq qalır. Buna görə də Avropada 2030-cu ilə kimi poliqonlarda tullantıların basdırılma səviyyəsinin azaldılması və resurslardan istifadə effektivliyinin artırılması barədə qərar qəbul edilib.
T.Giyo “Geocycle” şirkətinin ənənəvi həll yolları vasitəsilə emal edilə bilməyən tullantıların utilizasiyasını, yəni, təkrar emalını həyata keçirdiyini deyib.
“Holcim Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin direktoru Frederik Quimbal həmin texnologiyalar və avadanlıqların Qaradağ Sement Zavodunda quraşdırıldığını və əvvəlcədən emal edilmiş tullantıların tətbiqinə hazır vəziyyətdə olduğunu diqqətə çatdırıb.