CƏMİYYƏT
Ekologiya və təbii sərvətlər naziri Qaxda 40-a yaxın vətəndaşın müraciətlərini dinləyib VİDEO
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Qax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı Qax, Zaqatala, Balakən və Şəki rayonlarında yaşayan 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir müraciətlərin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.