CƏMİYYƏT
Ekologiya və təbii sərvətlər naziri XII Bakı Yay Enerji Məktəbində çıxış edib
Bakı, 17 iyul, AZƏRTAC
ADA Universitetində təşkil edilən XII Bakı Yay Enerji Məktəbində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyulun 16-da “Qlobal iqlim dəyişməsinin Xəzər hövzəsinə təsiri” mövzusunda təqdimatla çıxış edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, tədbirdə iqlim dəyişmələrinin səbəbləri, qlobal və regional təzahürləri, iqlim dəyişmələrinə təsirlərin azaldılmasına yönələn fəaliyyətlər və mümkün uyğunlaşma tədbirləri, eyni zamanda, ölkənin Paris razılaşmasına dair milli öhdəliklərinin yerinə yetirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
Xatırladaq ki, XII Bakı Yay Enerji Məktəbi iyulun 9-da ADA Universitetində Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin, SOCAR və “BP Azerbaijan”nın dəstəyi ilə açılıb. Məktəbə bu il 12 ölkədən – ABŞ, Türkiyə, Böyük Britaniya, Estoniya, Latviya, Niderland, İordaniya, İsrail və başqa dövlətlərdən 35 iştirakçı cəlb olunub.