CƏMİYYƏT


“Ekoloji Triada” aksiyası çərçivəsində məktəblilər biomüxtəliflik mövzusunda sualları cavablandırıblar

Bakı, 25 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) birgə əməkdaşlığı ilə məktəblilər üçün üç ekoloji əhəmiyyətli gün - Biomüxtəliflik Günü, Azərbaycan Ekoloqlar Günü, Avropa Milli Parklar Gününə həsr olunmuş “Ekoloji Triada” aksiyası keçirilib.

RUGİM-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Biomüxtəliflik Günü ilə əlaqədar ekologiya üzrə mütəxəssislər tərəfindən bu tədbir üçün xüsusi məlumatlandırıcı vərəqlər hazırlanıb və açıq dərslər keçirilib.

“Mənim bağçamın biomüxtəlifliyi” mövzusu üzrə məktəblilərə sorğu vərəqləri təqdim olunub, uşaqlar məktəbin yaxınlağındakı park və meşə ərazilərində müşahidələr aparıb, sorğu vərəqlərində qeyd edilən ağac, bitki, heyvan və həşəratların ümumi növ və sayını müəyyənləşdirərək verilmiş düstura əsasən biomüxtəliflik əmsalını hesablayıblar.

“Tap görüm” sorğu vərəqinə əsasən məktəblilər verilmiş cədvəl üzrə biomüxtəliflik mövzusunu əhatə edən sualları ekoloji biliklərinə uyğun olaraq cavablandırıb, ekosistemdə gördükləri bəzi orqanizmlərdən istifadə etməklə qida zənciri yaradıblar.

Sorğu vərəqlərini RUGİM-in 2300 ekoklub üzvü və 58 rayon UGİM-lərinin üzvləri doldurublar.

Mayın 23-də RUGİM-in “Yaşıl Şəbəkə” - 40 ekoklub liderinin və 20 ekoklub dərnək rəhbərinin iştirakı ilə Suraxanı rayonu ərazisində yaşıllıq sahədə iməcilik keçirilib. Ərazidə abadlıq işləri aparılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. İməcilikdə ekoklub üzvlərinin ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə görüşü keçirilib və birlikdə ağacəkmə aksiyasında iştirak ediblər.

Mayın 24-də isə ETSN-in dəstəyi və RUGİM-in təşkilatçılığı ilə Azərbaycanın milli parkları haqqında məktəblilərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması sahəsində onlarda xüsusi bacarıqların formalaşdırılması məqsədilə məktəblilərin respublika ekoloji aksiyası keçirilib.

Tədbirdə doqquz milli parkın ərazisindəki rayon uşaq-gənclər inkişaf mərkəzlərinin əməkdaşları və dərnək üzvlərinin iştirakı ilə ekskursiyalar təşkil edilib, ekoloji təmizlik aksiyası keçirilib, məktəblilər tərəfindən ərazidəki tullantılar toplanıb.

Respublika ekoloji aksiyası Abşeron, Şirvan, Hirkan, Ağgöl, Samur-Yalama, Altıağac, Şahdağ, Göygöl, Zəngəzur milli parklarını əhatə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.