CƏMİYYƏT
Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 168 akt və protokol tərtib olunub
Bakı, 22 avqust, AZƏRTAC
Avqustun 1-dən 15-nə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Departamentdən AZƏRTAC-a verilən xəbərə əsasən, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılması sahəsində yol verilmiş qanun pozuntularına görə 168 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 50 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 37 iş üzrə 21900 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 10 iş üzrə 7120,84 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 186 iş üzrə 32276,81 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 20, icra qurumlarına 19, məhkəmələrə isə 5 iş göndərilib.