Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1580-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1580-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 2-ci hissəsinin ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 44-cü maddəsinin 2-ci hissəsinin ikinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

3.3. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.4. həmin Qanunun 9.8-1-ci maddəsinin 2-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin