REGİONLAR
Ekoloji təmiz məhsulların milli brendlərinin yaradılması istiqamətində layihələr həyata keçiriləcək
Bakı, 7 noyabr, AZƏRTAC
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi” arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, imzalanma mərasimində çıxış edən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev bildirib ki, tərəflər ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsinə şərait yaratmaq məqsədilə beynəlxalq standartlar üzrə bilik mübadiləsinin aparılması, beynəlxalq tələblərə cavab verən ekoloji təmiz məhsul yetişdirilməsi üçün tədbirlər planı hazırlanması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması, ixrac potensialı, eləcə də coğrafiyasının genişləndirilməsi istiqamətində birgə işlər görəcək.
“Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi”nin sədr müavini Elçin Əkbərov deyib ki, elmi təminatın qurulması ilə yanaşı, birgə əməkdaşlıq sayəsində ekoloji təmiz məhsulların milli brendlərinin yaradılması, fermerlərdə innovativ qabiliyyətlərin, bilik və bacarıqların artırılması istiqamətində layihələr həyata keçiriləcək.
Ekoloji kənd təsərrüfatı sahəsində fermerlər arasında maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac olduğunu deyən Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli elmi-tədqiqat institutu ilə ictimai birlik arasında kadr hazırlığı sahəsində sıx əməkdaşlığın qurulmasının, xüsusilə gənc kadrların aqrobiznes sahələrində fəaliyyət proseslərinə cəlb olunmasının vacib olduğunu vurğulayıb.
Qeyd olunub ki, ölkənin ixrac potensialının gücləndirilməsi məqsədilə dünya bazarının tələblərinə uyğun ekoloji təmiz toxum yetişdirmək istiqamətində əməkdaşlıq strategiyası, birlikdə xüsusi təlimlərin təşkili, elmi kadrların ixtisasının artırılması üçün birgə proqramların təşkili həyata keçiriləcək. Eyni zamanda, xaricdə və ölkə daxilində ekoloji təmiz kənd təsərrüfatı və aqrobiznesə dair təlim, seminarlarda iştirak etmək məqsədilə qarşılıqlı məlumatlandırma işinin təmin edilməsinə dəstək veriləcək.
Qarşılıqlı müzakirədə birgə əməkdaşlıqla bağlı təkliflər dinlənilib, kənd təsərrüfatının müxtəlif sahələri üzrə simpozium, seminar, konfrans, sərgilər haqqında məlumat mübadiləsi və bu tədbirlərdə mütəxəssislərin iştirakının təmin olunması qərara alınıb.