REGİONLAR


Ekspert: Aqrar kredit üçün online platformanın yaradılması əlavə vaxt itkisini və sənədləşmə xərclərini azaldacaq

Bakı, 14 sentyabr, AZƏRTAC

Orta və kiçik fermer təsərrüfatlarının maliyyə resurslarına əlçatanlığı və layihələrin seçilməsi zamanı şəffaflığın təmin edilməsi baxımından sənədlərin Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən elektron formada qəbul edilməsi, ümumilikdə, aqrar sahənin inkişafına öz töhfəsini verəcək. Bu sistemlə maliyyə ehtiyacı olan fermerin elektron formada göndərdiyi müraciət, eyni zamanda, seçilmiş müvəkkil kredit təşkilatı tərəfindən də görünür və hər iki təşkilat (xidmət və müvəkkil kredit təşkilatları) layihənin qiymətləndirilməsini paralel aparmış olur. Bu isə fermerlərin layihələrinə subyektiv yanaşmanı ortadan qaldıracaq, fermerlərin əlavə vaxt itkisinin qarşısını alacaq, sənədləşmə xərclərinin azalmasını təmin edəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında aqrar ekspert Cəfər İbrahimli deyib.

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin saytındakı platforma vasitəsilə fermerlərə aqrar kredit üçün online müraciət etmək imkanının yaradıldığını bildirən Cəfər İbrahimli qeyd edib ki, fermerlərin əsas problemlərindən biri kredit üçün tələb olunan girov təminatında çətinliklərlə əlaqədardır: “Müvəkkil kredit təşkilatları kreditin ayrılması məqsədi ilə əsasən böyük şəhərlərdə daşınmaz əmlakın girov qoyulmasını təmin edirlər. Dövlət dəstəyi çərçivəsində kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi zamanı müvəkkil kredit təşkilatları fermerin regionda sahib olduğu daşınmaz əmlakla yanaşı, daşınar əmlakını və torpağını da girov kimi qəbul etsə, fermerlər üçün daha əlverişli olar. Bu baxımdan, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin kredit ayıran banklara təsir imkanı olmalıdır ki, fermerlərin də mövqeyi nəzərə alınsın. Bu, fermerlərə əlavə imkanlar yaradacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.