SİYASƏT


Ekspert: Azərbaycan regionda gələcək danışıqların və diplomatik təmasların lüğətini müəyyən edir

Bakı, 28 may, AZƏRTAC

Mayın 22-də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycan liderləri arasında baş tutan üçüncü görüşü Azərbaycan diplomatiyasının növbəti tarixi uğurlarından biri hesab etmək olar. Belə ki, aprelin 6-da keçirilən ikinci görüşdən sonra kövrək sülh prosesinə Ermənistanda mane olmağı qarşısına məqsəd qoymuş ciddi təxribatlar sayıla biləcək zəncirvari hadisələr baş verdi. Belə ki, aprelin 6-da tərəflərin əldə etdiyi razılaşmaya əsasən, həmin ayın sonuna qədər sərhəd komissiyası yaradılmalı idi. Lakin aprelin 13-də Ermənistan baş nazirinin parlamentdə çıxışından sonra ölkədəki müxalifət, keçmiş hərbi xunta hakimiyyətinin nümayəndələrinin və onların regionda sülhdə maraqlı olmayan xarici havadarlarının dəstəyi ilə İrəvanda və digər şəhərlərdə kütləvi etiraz aksiyaları başladı. Bu kütləvi aksiyaların məqsədi, maksimum hədəfi N.Paşinyan hakimiyyətini devirmək, minimum hədəfi isə baş nazirə sülh prosesində mane olmaq idi. Nəticədə nəzərdə tutulduğu kimi, aprelin sonuna qədər iki ölkə arasında sərhəd komissiyasının görüşü baş tutmadı, kövrək sülh prosesinin yenidən pozulma ehtimalı artmağa başladı. Lakin 44 günlük Vətən müharibəsinin ən mühüm nəticələrindən biri Azərbaycana qarşı ərazi iddialarının perspektivsizliyi və Ermənistanı sülhə məcburetmə prosesi idi. 44 günlük Vətən müharibəsindən sonra başda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası sülhə məcburetmə əməliyyatını diplomatik cəbhədə uğurla davam etdirməkdə və onu məntiqi nəticəyə gətirməkdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Fuad Çıraqov söyləyib.

Fuad Çıraqov, həmçinin bildirib: “44 günlük Vətən müharibəsindən sonra müxtəlif platformalarda aparılan danışıqlar onu göstərir ki, bütün beynəlxalq vasitəçilər Azərbaycanın yaratdığı yeni reallığı qəbul edir, onunla hesablaşır və ləng getsə də danışıqlar məhz dövlətimizin müəyyənləşdirdiyi gündəliyə və milli maraqlarına əsasən aparılır. Bu amil həmin danışıqlardan sonra açıqlanan rəsmi sənədlərdə və vasitəçilərin çıxışlarında özünü tam şəkildə əks etdirir. Artıq görünən odur ki, danışıqların rəsmi sənədlərindən və leksikonundan keçmişdəki “status”, “öz müqəddəratını təyinetmə” və “Dağlıq Qarabağ” ifadələri çıxarılıb. Sonuncu görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında “Qarabağın erməni əhalisi” ifadəsi isə təkcə bölgənin Azərbaycan ərazisinə aid olduğunu nəzərdə tutaraq “Dağlıq” sözünün işlədilməməsinə görə əhəmiyyətli deyil. Bu ifadə həm də ona görə əhəmiyyətlidir ki, on illərlə ermənilərin təqdim etməyə çalışdığı “xalq” ifadəsi işlənməyib. “Xalq” və “əhali” arasında ifadədə məişət və sadə publisistik dildə bəzən fərq qoyulmasa da, beynəlxalq hüquqda və sənədlərdə çox böyük fərq vardır. Belə ki, “xalq” sözü beynəlxalq hüquq və sənədlərdə həm də öz müqəddəratını təyinetməni nəzərdə tuta bilər”.

Şöbə müdiri əlavə edib ki, ötən müddət ərzində Azərbaycan regionda təkcə yeni geosiyasi reallığı müəyyən etmədi, ölkəmiz həm də hazırda regionda gələcək danışıqların və diplomatik təmasların leksik çərçivələrini, istifadə ediləcək lüğəti də müəyyənləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.