Ekspert: Azərbaycanın Qlobal Foruma ev sahibliyi etməsi qədim sivilizasiyalı bir məkan olması mesajını dünyaya çatdırır
AzerTAg.az

Bakı, 10 mart, AZƏRTAC
X Qlobal Bakı Forumunun Bakıda keçirilməsi böyük siyasi əhəmiyyət kəsb edir. Budəfəki Forum dünyada cərəyan edən mürəkkəb siyasi proseslərin və ziddiyyətlərin fonunda keçirilir və əlbəttə ki, bunun ayrı bir siyasi əhəmiyyəti var.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Vüqar Əhmədov bildirib. O qeyd edib ki, Azərbaycan dövləti hər zaman müxtəlif siyasi qütblərin və mədəniyyətlərin dialoq və görüş məkanına çevrilib. Şübhəsiz ki, bu prosesdə Prezident İlham Əliyevin şəxsi nüfuzunu xüsusi qeyd etmək lazımdır. Budəfəki Qlobal Forum yeni reallıqda, Azərbaycanın öz ərazilərinə mütləq hakim olduğu bir dönəmdə keçirilir. Azərbaycanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə Qlobal Foruma ev sahibliyi etməsi həm də qədim sivilizasiyalı bir məkan olması mesajını dünyaya çatdırmış olur.
Onun sözlərinə görə, foruma toplaşan dünya liderləri məhz Prezident İlham Əliyevin şəxsi nüfuzu sayəsində Bakıda bir araya gəlirlər. Azərbaycan Prezidenti region ölkələri içində ən aktiv və uğurlu xarici siyasət aparan, fərqli siyasi qütbdə dayanan siyasətçilərin eyni səviyyədə hörmət bəslədiyi siyasi liderdir.
Siyasi ekspert əlavə edib ki, 20 illik hakimiyyəti dövründə Prezident İlham Əliyevin apardığı praqmatik və milli maraqlarımıza söykənən siyasəti sayəsində Azərbaycan dünyanın aparıcı beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilib. Siyasi və mədəni baxımdan müxtəliflik şəraitində yaşayan, geosiyasi ziddiyyətlər reallığında olan qüvvələr Azərbaycanın vasitəçiliyinə hər zaman etimad göstəriblər. Bu fakt beynəlxalq aləmdə Azərbaycan Prezidentinin ölkəmizə qazandırdığı bir etimad kreditidir. Prezident İlham Əliyevin çıxışı zamanı verilən mesajlar dünyada qlobal çağırışların dəf edilməsində Azərbaycanın müstəsna rolunu bir daha ortaya qoydu.
Vüqar Əhmədov bildirib ki, Azərbaycan öz zəngin multikultural təcrübəsindən çıxış edərək dünyada sivilizasiyaların, müxtəlif siyasi və dini baxışların dialoq və anlaşma məkanına çevrilərək bu prosesə qlobal səviyyədə öz töhfəsini verir. Bütün bunlar Azərbaycanın sülh, anlaşma və mədəniyyətlərarası dialoq prinsipinə sadiq qaldığının göstəricisidir. Azərbaycanın qlobal səviyyədə həyata keçirdiyi bu təşəbbüslər qonşu ölkələrə də qarşılıqlı sülh və dialoq şəraitində yaşaması üçün bir mesajdır. Onun sözlərinə görə, Azərbaycanın multikulturallığı və tolerant mühiti, siyasi sabitliyi, ölkə rəhbərliyinin apardığı sülhpərvər və siyasi qütbləşmə əleyhinə olan siyasəti belə bir dialoq platformaları üçün Azərbaycanı cazibədar edir və bütün bu uğurlar Azərbaycanın fəal diplomatiyası və apardığı aktiv xarici siyasəti ilə bağlıdır.
Ekspert vurğulayıb ki, ölkəmizdə bu səviyyədə keçirilən tədbirlər onu göstərir ki, bizi təkcə öz ölkəmizin və regionun problemləri deyil, bəşəriyyətin problemləri narahat edir və Forumda ətraf mühit, COVID-19, enerji təhlükəsizliyi, münaqişələrin həlli və insan haqları kimi məsələlərin müzakirə edilməsi və dünyanın aparıcı liderlərinin Bakıya toplaşması Azərbaycanın qlobal proseslərdəki rolundan xəbər verir.
O bildirib ki, Azərbaycan dünyanın siyasi nizamının sürətlə dəyişdiyi bir dövrdə bütün zəruri hazırlıqlarını görür. Əlbəttə ki, ölkəmizin belə mövzularda dünya liderlərinin iştirakı ilə bu cür mötəbər Forumlara ev sahibliyi etməsi beynəlxalq aləmdə Azərbaycanın öz ərazisində yaşayan digər etnik azlıqlara və xalqlara hörmətlə yanaşması və birgə yaşaması üçün münbit bir ölkə olması ideyasını formalaşdırmış olur. V.Əhmədov qeyd edib ki, belə yüksək səviyyəli tədbirlərlə dünya erməniliyinin illərdir ölkəmizə qarşı formalaşdırdığı milli dözümsüzlük yalançı rəyi artıq aradan qalxır və Azərbaycanın bütün xalqlar və millətlər üçün bir barışıq və dialoq məkanı olması konsepsiyası meydana çıxır. Bu isə bu gün müasir dünyanın əsas çağırışlarından biri hesab olunur. Xüsusən hazırkı dönəmdə Azərbaycanla Qarabağda yaşayan erməni sakinləri arasında görüş və danışıqların getdiyi bir dönəmdə bunun xüsusi bir əhəmiyyəti var.
Prezident İlham Əliyevin Qərb liderlərinin iştirakı ilə keçirilən Münxen Təhlükəsizlik Konfransında və X Qlobal Bakı Forumunda verdiyi mesajlar birmənalı şəkildə bölgədə sülhə, dialoqa və etimad quruculuğuna xidmət edir. Ölkəmizdə sülh və dialoq xarakterli keçirilən mötəbər tədbirlər və görüşlər də şübhəsiz ki, bu reallığı bir daha ortaya qoyur.
Xəbərin mətnində orfoqrafik səhv var