İQTİSADİYYAT
Ekspert: Beynəlxalq Astronavtika Konqresinin Bakıda təşkili ölkədə kosmik sənayenin inkişafına əlavə təkan verəcək
Bakı, 31 oktyabr, AZƏRTAC
Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi ölkədə kosmik sənayenin inkişafına əlavə təkan verəcək.
Bu sözləri AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli deyib.
“Bakının 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması çox böyük nailiyyətdir. Bu uğurun qazanılmasında başlıca səbəb ölkə rəhbərliyinin son dövrlərdə bütün sahələr üzrə apardığı kompleks islahatlardır. Aparılan islahatlar dövrün tələblərinə uyğun şəkildə, texnologiyaların inkişafı nəzərə alınmaqla həyata keçirilir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi bu gün dünyanın inkişafı müasir texnologiyaların imkanından asılıdır. Bu texnologiyaları tətbiq edən ölkələr daim uğur qazanırlar. Azərbaycan da zamanın tələblərinə uyğunlaşaraq dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atmaqda davam edir. Heç təsadüfi deyil ki, cari ilin yanvarında Davos İqtisadi Forumunun iclası çərçivəsində Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub”, - deyə o bildirib.
Azərbaycanın son illərdə müasir texnologiyaların tətbiqi sahəsində çox böyük işlər gördüyünü deyən N.Əsədli bildirib: “Azərbaycanda Elektron Hökumət Portalı və Rəqəmsal Ticarət Qovşağı yaradılıb, dövlət xidmətlərinin elektronlaşması həyata keçirilib və dünyada ilk mobil rezidentlik təqdim edilib. Kosmik sənaye sahəsində əldə edilmiş uğurlar xüsusilə qeyd olunmalıdır. İndi Azərbaycanın 3 peyki var və ölkəmizdə kosmik sənaye inkişaf edir. Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi bu sahəyə olan marağı daha da artıracaq və kosmik sənayenin inkişafına əlavə təkan verəcək”.