Ekspert: Büdcə gəlirlərində qeyri-neft sektorunun çəkisi kifayət qədər artıb
AzerTAg.az

Bakı, 25 may, AZƏRTAC
Ölkədə iqtisadi siyasətin düzgün aparılması və yerinə yetirilən islahatlar büdcənin uğurlu icrasına öz müsbət təsirini göstərib. 2022-ci ildə ÜDM artımı ilk dəfə olaraq 100 milyard manatı keçərək, 134 milyarda çatıb.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Hüseyn bildirib.
Ekspert qeyd edib ki, ötən illə müqayisədə 4,8 büdcə gəlirlərində 4,8 faiz profisit yaranıb. Büdcə gəlirlərində əsas diqqət çəkən məqam qeyri-neft sektoru hesabına daxil olan gəlirlərin xüsusi çəkisinin 52,57 faizə yüksəlməsi olub. 2021-ci ildə bu göstərici 51,1 faiz təşkil edib.
Onun sözlərinə görə, büdcə xərcləri də kifayət qədər səmərəli icra edilib. Belə ki, ümumi proqnoz üzrə xərclər 32 milyard 303 milyon manat olub. Ölkədə sosial-iqtisadi vəziyyət, müdafiə potensialının artırılması, o cümlədən investisiya istiqamətli xərclər üzrə kifayət qədər vəsait ayrılıb və səmərəli olaraq icra edilib. Elm, təhsil, müdafiə, sosial təminat sahələrinə, ümumilikdə 9 milyard 221 milyon vəsait ayrılıb. Müdafiə imkanlarının artırılması və müdafiə sənayesinin inkişaf etdirilməsi üçün 726 milyon manat vəsait xərclənib.
“Büdcənin icra edilməsi üzrə məlumatlara baxdıqda aydın görmək olar ki, büdcə gəlirlərində qeyri-neft sektorunun çəkisi kifayət qədər artıb, sosialyönümlü xərclər daha səmərəli icra edilib, inşaat, yenidənqurma işlərinə çəkilən xərclər artıb, investisiyayönümlü xərclərin miqyası çoxalıb. Bu baxımdan, ümumilikdə 2022-ci il üçün qəbul edilmiş büdcənin icrasını qənaətbəxş hesab etmək olar”, - deyə o bildirib.
Xəbərin mətnində orfoqrafik səhv var