CƏMİYYƏT


Ekspert: Bütün həkimlər arasında onkoloji sayıqlığı artırmaq lazımdır

Bakı, 15 fevral, Əziz Məmmədov, AZƏRTAC

Onkoloji xəstəliklər daha çox digər xəstəlik, məsələn, respirator infeksiyaları altında gizlənir. Xəstəliyin yaranması əsasən əzginliyin, zəifliyin, əsəbiliyin artması, iştahasızlıq, arıqlamaq, fəallığın azalması ilə müşayiət olunur. Bu cür vəziyyətin yaranmasına çoxlu səbəb ola bilər, xüsusən ona görə ki, uşaqlarda bir çox şişlər gizli lokalizasiyaya malikdir. İstənilən halda ya həkim çağırmaq, ya da məsləhət üçün həkimə müraciət etmək lazımdır.

Onkoloji sayıqlığın olmaması da mənfi rol oynayır, çünki bu halda pasiyentlər hərtərəfli müayinə olunmur, xüsusi diaqnostika metodları vaxtında tətbiq edilmir. Ona görə də bütün həkimlər arasında onkoloji sayıqlığı artırmaq lazımdır.

Milli Onkologiya Mərkəzinin (MOM) Uşaq Onkoloji Klinikasının şöbə müdiri, ali ixtisas kateqoriyalı onkoloq-cərrah, tibb elmləri doktoru Reyman İsmayılzadə bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.

Onun sözlərinə görə, xəstənin təqsiri üzündən həkimə vaxtında müraciət edilməməsi onun öz sağlamlığına diqqətsiz münasibəti, xəstəliyin əlamətlərini lazımınca qiymətləndirməməsi, ehtimal edilən diaqnozdan qorxması, müstəqil müalicə cəhdi ilə bağlıdır.

R.İsmayılzadə deyib: “Onkoloji sayıqlıq nə deməkdir: bədxassəli şişlərin erkən mərhələdə əlamətlərini bilmək; onkoloji xəstəlik ehtimalını istisna etmək məqsədilə hər hansı ixtisas üzrə həkimə müraciət edən hər bir xəstənin hərtərəfli müayinə edilməsi; diaqnostika çətin olan hallarda qeyri-tipik və ya mürəkkəbləşmiş onkoloji xəstəlik barədə şübhənin müəyyən edilməsi; xərçəng öncəsi xəstəliklərin müalicəsi; şişdən şübhə doğuran xəstənin onkoloji yardımın təşkil edilməsi prinsipləri nəzərə alınmaqla vaxtında mütəxəssisin yanına göndərilməsi. Yuxarıda deyilənləri nəzərə alaraq Milli Onkologiya Mərkəzi paytaxtda və regionlarda mütəmadi olaraq elmi-maarifləndirmə tədbirləri həyata keçirir. Məsələn, 2017-ci il dekabrın 23-də Heydər Əliyev Fondunun “Regional inkişaf” İctimai Birliyinin, Səhiyyə Nazirliyinin və Milli Onkologiya Mərkəzinin birgə təşkilati dəstəyi ilə Qəbələdə “Onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Onkologiya Mərkəzinin yüksəkixtisaslı həkimləri məruzələrlə çıxış ediblər”.

Ali ixtisas kateqoriyalı onkoloq-cərrah vurğulayıb ki, uşaq onkologiyası yaşlıların onkologiyasından prinsip etibarilə fərqlənir. Uşaqlarda onkoloji şişlər müəyyən orqanları, yaşlılarda isə digər orqanları zədələyir. Məsələn, uşaqlar arasında ağ ciyər, mədə-bağırsaq traktı şişləri, süd vəzisi, sidik kisəsi, prostat vəzisi, qadın cinsiyyət orqanlarının xərçəngi çox nadir hallarda müşahidə olunur. Onlarda sarkoma, embrioma şişləri və qarışıq şişlər daha çox əmələ gəlir. Bundan əlavə, uşaqlarda şişlərin morfoloji strukturu tamam fərqlidir. Qanyaratma orqanlarının, baş və boyun nahiyəsinin, qarınətrafı boşluğun, nəhayət sümüklərin və dərinin şişləri daha çox yayılıb. Leykoza və leykemiya formaları çox tez-tez rast gəlir. Ən mühüm fərq isə ondan ibarətdir ki, onkoloji xəstəliyə tutulmuş uşaqların müalicəsi yüksək səmərə verir. Lakin bu müalicə şüa terapiyası, kimyəvi terapiya və cərrahi müdaxilə metodlarını əhatə edir. uşaqlarda xərçəng xəstəliyini diaqnozlaşdırmaq yaşlılarla müqayisədə daha çətin, amma onun müalicəsi daha asandır.

Reyman İsmayılzadə bu tibb müəssisəsinin yaradılması tarixi və fəaliyyəti barədə də məlumat verdi. O dedi: “2012-ci ilin mart ayında uşaq onkologiyası sahəsində mühüm hadisə baş verdi - Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası açıldı. Bu, səhiyyənin ən ağrılı problemlərinin həllinə yönəlmiş çox mühüm tədbirdir. Klinika müasir təbabətin qlobal problemlərindən birinin həllində - uşaqlarda onkoloji fəsadlar doğuran xəstəliklərə qarşı mübarizədə çox mühüm bir funksiyanı yerinə yetirir. Uşaq klinikasının yaranmasına Prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və MOM-un baş direktoru, akademik Cəmil Əliyev böyük töhfə veriblər. Hazırda MOM-un Uşaq Klinikası regionda aparıcı tibb müəssisəsidir. Klinikada kompleks müalicənin bütün növləri yüksək səviyyədə həyata keçirilir. Burada kimyəvi terapiya və şüa terapiyası, cərrahi müalicə, immunoterapiya metodları uğurla tətbiq edilir.

Burada dünyada mövcud olan bütün perspektivli müalicə proqramlarından və metodlarından istifadə olunur. 2017-ci ildə bizim klinikada lokallaşma dərəcələri müxtəlif olan (kəskin leykoz, Xockinq limfoması, neyroblastoma, Yuinq sarkoması və s.) 150-yə yaxın uşaq müalicə olunub. Uşaq klinikasında işləyən mütəxəssislər Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Avstriya, ABŞ, Almaniya və Türkiyənin aparıcı tibb müəssisələrində təhsil alıblar. Klinikada müasir standartlar səviyyəsində 15 protokol üzrə terapiya prosedurları tövsiyə olunur, yaranan fəsadlar peşəkar səviyyədə aradan qaldırılır. MOM yanında Uşaq Klinikası yaradılana qədər azərbaycanlı uşaqlar müalicə olunmaq üçün xaricə gedirdilərsə, indi buna ehtiyac yoxdur. Klinikada yaradılmış şərait belə deməyə əsas verir”.

1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş Reyman İsmayılzadə həkimlik fəaliyyətinə Belarusda başlayıb. Orada N.Aleksandrov adına Elmi-Praktiki Onkologiya və Tibbi Radiologiya Mərkəzinin onkomammologiya bölməsinin və onkoginekologiya qrupunun baş elmi işçisi olub. 1991-ci ildə Moskvada (Uşaq Onkologiya İnstitutu), 1992-ci ildə Almaniyada (Lübek şəhər Universitet Klinikası), 1994-1995-ci illərdə İngiltərədə (Birminhemdə Kral VII Edvard adına Uşaq Xəstəxanası) uşaq onkologiyası üzrə staj keçib. Ümumdünya Uşaq Onkoloqları Assosiasiyasının, Avropa Hipertermik Onkologiya Assosiasiyasının üzvüdür, 160-dan çox elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.