DÜNYA


Ekspert: Cənubi Koreya pandemiyanın 4-cü dalğasına doğru gedir

Pekin, 17 fevral, AZƏRTAC

Cənubi Koreyada COVID-19 virusuna yoluxma sayında bir müddət müşahidə olunan azalmalardan sonra yoluxma hallarının yenidən çoxalması ölkənin pandemiyanın 4-cü və daha böyük dalğasına doğru yaxınlaşdığını deməyə əsas verir.

AZƏRTAC "The Korea Herald" qəzetinə istinadla xəbər verir ki, bu fikri Cənubi Koreyanın Qaçon Universitetinin tibbi profilaktika mütəxəssisi Cunq Ce-hun bildirib. O, ölkədə karantin rejiminin yumşaldılmasından cəmi 2 gün sonra sutkalıq yoluxma sayının 621-ə yüksəldiyini, bu rəqəmin isə yanvar ayındakı 3-cü dalğadan sonra ən yuxarı rəqəm olduğunu deyib.

"Hazırda qeydə alınan rəqəmlər mənim 3 həftə əvvəl verdiyim proqnozlardan daha yüksəkdir",- deyən Cunq Ce-hun əlavə edib ki, ölkədə pandemiyanın 2-ci dalğası birincidən 176 gün sonra, 3-cü dalğa isə əvvəlkindən 120 gün sonra müşahidə olunub. Bu, hər yeni dalğanın gəlişinin sürətlənməsini göstərir. Proqnoza əsasən, 3-cü və 4-cü dalğa arasında günlərin sayı 70-120 gün ola bilər. Bu da təxminən mart-aprel aylarına təsadüf edə bilər.

Qeyd edək ki, Cənubi Koreyada COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi fevralın 15-dən yumşaldılıb. Paytaxt Seulda və ətrafında sosial məsafə tədbirləri 5 pilləli sistem üzrə 2-ci səviyyəyə, ölkənin digər bölgələrində isə 1.5-ci səviyyəyə endirilib. Qərarla restoranların, kafelərin, qapalı idman qurğularının iş saatlarına tətbiq olunan məhdudiyyəti azaldıb, habelə kinoteatrların, internet kafelərinin, gözəllik salonlarının fəaliyyətinə icazə verilib.

Cənubi Koreyada indiyədək COVID-19 virusuna 84 min 846 yoluxma, bu virus səbəbindən isə 1538 ölüm qeydə alınıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.