İQTİSADİYYAT


Ekspert: Dövlət büdcəsinin gəlir və xərclər hissəsinin paralel olaraq artırılması müşahidə olunur

Bakı, 17 noyabr, AZƏRTAC

Ölkə iqtisadiyyatının mütəmadi olaraq böyümə tempi, inflyasiya başda olmaqla makro ekonomik göstəricilərdə baş verən dəyişmələr və iqtisadiyyatın infrastruktur ehtiyacları nəzərə alınır. Həmçinin dövlət büdcəsinin gəlir və xərclər hissəsinin paralel olaraq artırılması müşahidə olunur.

Ekspert Cəfər İbrahimli mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib ki, cari illə müqayisədə 2022-ci ilin büdcəsinin gəlirlər hissəsinin 3.8 faiz artırılması planlaşdırılıb. Əsas məsələ bu artımın hansı qaynaqlar hesabına baş verməsidir. Son illərdə büdcə gəlirlərinin əsas hissəsini Dövlət Neft Fondundan transfertlər hesabına formalaşması ən narahatedici məqamlardan biri idi. 2016-2017-ci illərdə iqtisadiyyatın sektorları üzrə hazırlanan və Prezident İlham Əliyev tərəfindən təsdiq edilən Strateji Yol Xəritələrinin əsas məqsədi qeyri-neft sektorunun inkişafı nəticəsində büdcəyə vergi və cari ödənişlərin artırılmasını təmin etmək idi. Həmçinin Dövlət Neft Fondundan büdcəyə daxil olan transfertlərin azaldılması və öz növbəsində büdcənin neftdən asılılığının azaldılmasına nail olmaq planlaşdırılırdı. Son 2 ildə büdcəyə 12 milyard 200 milyon manat transfert nəzərdə tutulurdusa, gələn il bu rəqəm 11 milyard 800 milyon manat təşkil edəcək. Digər önəmli məqam isə Dövlət Neft Fondundan transfertlərin illik büdcə gəlirləri içərisindəki payı 2020-ci ildə 50.5 faiz, 2021-ci ildə 48 faiz və 2022-ci ildə nəzərdə tutulan transfert tam reallaşsa 44 faiz təşkil edəcək.

“Maliyyə Nazirliyi tərəfindən hazırlanmış növbəti illərin büdcə proqnozuna görə 2025-ci ilədək büdcə gəlirlərinin artmasının nəzərdə tutulduğu halda Dövlət Neft Fondundan transfertlərin miqdarının azalması nəticəsində bu rəqəmin 34 faizə qədər azaldılması planlaşdırılır. Proseslərin bu strategiyaya uyğun davam etdirilməsi strateji valyuta ehtiyatlarının artırılmasına və ölkə iqtisadiyyatının xarici şoklara qarşı daha dayanıqlı olmasına dəstək verəcəyi gözlənilir”, - deyə Cəfər İbrahimli bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.