SİYASƏT


Ekspert: Dövlətimizin başçısı telekanallara müsahibəsində xalqımızın əvvəlki tarixi proseslərdən lazımi siyasi dərslər çıxardığını nümayiş etdirdi

Bakı, 16 yanvar, AZƏRTAC

Dövlətimizin başçısı yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə daxili və xarici siyasətə dair baxışlarını və konsepsiyasını bölüşdü. Təxminən 3 saat davam edən müsahibədə Azərbaycanın yaxın perspektivdə siyasi prioritetləri daxili və xarici auditoriyaya təqdim edildi. Bununla belə, xarici siyasətlə bağlı tezislər, xüsusilə dünyada mövcud olan cari geosiyasi vəziyyət əsas diqqətçəkən sahələrdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov söyləyib.

Ekspert bildirib ki, dövlətimizin başçısının xarici siyasətlə bağlı səsləndirdiyi birinci tezis valyuta ehtiyatlarının sabit saxlanılmasının və artırılmasının vacibliyi ilə bağlı idi. “Azərbaycan Prezidentinin fikirlərinə əsasən, bu, bizə iqtisadi müstəqillik verir. Əlbəttə, iqtisadi azadlıq olmadan siyasi müstəqillikdən danışmaq mümkün deyil. Müşahidə etdiyimiz kimi, xarici siyasətlə bağlı birinci prioritet Azərbaycanın qərarqəbuletmə prosesinə kənar aktorların iqtisadi təsir vasitələrindən istifadə edərək qarışmasını qabaqlamaqdır. Bu prioritetin nə dərəcədə əhəmiyyətli olmasını biz yaxın və uzaq regionlarda gedən geosiyasi qarşıdurmalarda müşahidə edə bilərik. Valyuta ehtiyatlarının yüksək səviyyədə saxlanılmasının hərbi-siyasi məntiqi də vardır. Ermənistanda baş qaldırmaqda olan revanşist qüvvələrin xülyaları dünyada mövcud maliyyə böhranının Azərbaycanın iqtisadi imkanlarına zərbə endirərək müdafiə qabiliyyətini zəiflətməsindən ibarətdir. Ermənistanın həm müxalifət, həm də iqtidarında mövcud olan revanşist qüvvələr belə şəraitdə Azərbaycanın ərazi bütövlüyünə qarşı yeni təxribatlar həyata keçirmək ümidindədirlər. Azərbaycanın valyuta ehtiyatlarının azalması şəraitində Ermənistan ordu quruculuğunu inkişaf etdirməklə Cənubi Qafqazda vəziyyəti dəyişdirmək cəhdi təkcə rəqib ölkənin deyil, o cümlədən onun havadarlarının arzuladığı ssenarilərdəndir. Dövlətimizin başçısının bütün bunları nəzərə alaraq Azərbaycanın valyuta ehtiyatlarını sabit və yüksək səviyyədə saxlamağı qərarlaşdırması ölkəmizə qarşı atılacaq addımları hələ layihə mərhələsində perspektivsiz edir”, - deyə ekspert qeyd edib.

“Prezident İlham Əliyevin müsahibəsində ikinci vacib tezis müharibənin bitməsinə rəğmən, hərbi xərclərin azaldılmaması ilə bağlı idi. Otuzillik münaqişə dövrü Azərbaycan üçün iki vacib siyasi yol formalaşdırdı. Azərbaycanın Ermənistanın fərqli siyasi elitaları ilə müxtəlif platforma və təşkilatlarda dinc yolla münaqişəni tənzimləməyə çalışmasına rəğmən, işğalçı dövlət beynəlxalq hüquqa və təşkilatların sənədlərinə məhəl qoymadı. Buradan biz birinci siyasi yola – Ermənistanla problemləri diplomatik yolla həll etməyin çox müşkül olmasına gəlirik. 2016-cı ilin Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi Ermənistanın yalnız dəmir və alov qarşılığında rasionallıq nümayiş etdirərək razılığa gəldiyini göstərdi. Burada biz ikinci yolda – Ermənistanla sülhlə danışaraq yox, yalnız güc yolu ilə hərəkət etməyin qaçılmazlığını görürük. Bu iki istiqamət bizə Ermənistanla münasibətlərin yalnız sülhə məcburetmə şəraitində davam etdirməyə sövq edir. Prezident İlham Əliyevin sərhəddə baş verən son hadisələr, Azərbaycan hərbi qulluqçusunun öldürülməsi ilə bağlı mövqeyi də dediklərimizin məntiqi izahı hesab oluna bilər. Azərbaycan Prezidenti müsahibə zamanı bildirib ki, Ermənistan dövlətinin yalvarışlarına, Rusiya sülhməramlılarının xahişlərinə baxmayaraq, cavab atəşi cəza tədbirləri həyata keçirilmədən dayanmayacaq. Müsahibə zamanı Prezident İlham Əliyev qarşı tərəfdən 6-8 hərbçinin məhv edilməsi və onlarla hərbçinin yaralandığını bildirdi. Bunu Ermənistan tərəfinə göndərilən siyasi xəbərdarlıq kimi qiymətləndirmək mümkündür”, - deyə Elşən Məcidov vurğulayıb.

O əlavə edib ki, dövlətimizin başçısı tərəfindən səsləndirilən üçüncü vacib tezis Ermənistanın Azərbaycanı yeni siyasi qarşıdurmaya cəlb etmək cəhdlərinə cavab tədbirləri ilə bağlıdır. Prezident İlham Əliyev bildirdi: “Azərbaycan Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyir. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”. Hazırda KTMT-yə sədrlik edən və müsahibənin verildiyi gün Qazaxıstanda digər üzv ölkələrlə birlikdə kontingentə malik Ermənistan güman ki, cari vəziyyəti ölkəmizə qarşı çevirməyə cəhd edir. KTMT-nin cari çağırışlara operativ cavab verə bilməsi haqqında fərqli üzv ölkələr tərəfindən səsləndirilən bəyanatlar fonunda Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi qarşıdurma yaradaraq KTMT-nin mexanizmlərini ölkəmizə qarşı çevirməyə çalışır. Azərbaycan Prezidentinin “Ermənistan ərazisinin hansı dərinliyində” olması ifadəsi rəqib ölkəyə KTMT-yə güvənərək dövlətimizə qarşı tədbirlərin mənasız olması və real təhlükə şəraitində heç bir xarici qüvvənin onu xilas edə bilməyəcəyi haqqında xəbərdarlığıdır.

Dövlətimizin başçısı müsahibə zamanı Ermənistan iqtidarının cari, nisbətən “konstruktiv” davranışına da diqqət çəkdi. Həmçinin bu münasibətlərin normallaşdırılmasına “loyallığın” səmimi yox, məcburi olduğunu vurğulayaraq Ermənistan iqtidarının müharibədən əvvəl danışıqları çıxılmaz vəziyyətə gətirdiyini, “yeni ərazilər uğrunda yeni müharibələr” doktrinası ilə çıxış etdiyini xatırlatmışdı. Leonardo da Vinçiyə görə, “tarix ən pis tələbələrə malik ən yaxşı müəllimdir”. Lakin dövlətimizin başçısı öz çıxışı ilə qarşı tərəfə Azərbaycan xalqının nə dərəcədə güclü yaddaşa malik olduğunu və əvvəlki tarixi proseslərdən lazımi siyasi dərslər çıxardığını nümayiş etdirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.