İQTİSADİYYAT


Ekspert: İƏT PA-ya sədrliyin Azərbaycana keçməsi ölkəmizin beynəlxalq imicinin artması ilə bağlıdır

Bakı, 21 may, AZƏRTAC

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət idarəçiliyi, daxili və xarici siyasət kursu artıq 18 ildir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük uğurla davam etdirilir. Sosial-iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da həyata keçirilməsi daha geniş hədəflərin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zərurətə çevirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Aydan Qurbanova söyləyib.

O qeyd edib ki, son illər respublikamız Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə çoxlu sayda sivilizasiyalararası dialoqla əlaqədar beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevrilib. Azərbaycan son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlar keçirib, beynəlxalq qurumların toplantılarına ev sahibliyi edib.

Beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycanın seçilməsinin heç də təsadüfi olmadığına diqqət çəkən ekspert deyib: “Bu, hər şeydən əvvəl, Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycanın beynəlxalq imicinin artması ilə bağlıdır. Bu məsələdə dünyada cərəyan edən hadisələr fonunda ölkəmizdə hökm sürən sabitlik də mühüm rol oynayır. Bu gün fərəh hissi ilə deyə bilərik ki, hazırda 10 ölkənin üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) sədrliyinin Azərbaycana keçməsi bunun bariz nümunəsidir”.

Aydan Qurbanova diqqətə çatdırıb ki, bir neçə gün öncə Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında pandemiya və postpandemiya dövründə ölkələrin vəziyyəti müzakirə olunub. COVID-19 pandemiyasının dünyanı bürüdüyü və dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı bir dövrdə Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edərək qlobal liderlik rolunu öz üzərinə götürdü, Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə pandemiyadan əziyyət çəkən 30-dan çox ölkəyə humanitar yardımların, xəstəlik əleyhinə peyvənd ianələrinin edilməsi bir daha Azərbaycanın istisnasız olaraq necə iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə olduğunu bir daha sübut etdi.

“Həmçinin postmüharibə dövründə həlli vacib olan bir sıra məsələlər, ən önəmlisi isə Azərbaycan sülh danışıqlarına başlamağa hazır olduğu halda Ermənistanın bu müqavilə üçün real addımlar atmaması, Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlərin inşa edilməsi və bunun nəticəsi olaraq təşkilata üzv ölkələrin Zəngəzur dəhlizindən faydalanacaqları kimi bir sıra mühüm məsələlərə toxunulub.

Milli Məclisin sədri Sahibə Qafarova 44 günlük Vətən müharibəsi zamanında dost və qardaş ölkələrin Azərbaycanı dəstəkləyib, hər zaman yanında olduğunu xüsusilə vurğulayıb. Çünki xalqlarımızı birgə tarix, mədəniyyət, din və ənənələrin birləşdirməsi, bu mənada xalqlarımızın təmsilçiləri kimi, parlament üzvləri də xüsusi məsuliyyət daşıyırlar və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası təşkilatın hədəf və məqsədlərinin reallaşdırılmasına, parlamentlər arasında əlaqələrin gücləndirilməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına öz töhfəsini verir”, - deyə ekspert vurğulayıb.

O əlavə edib ki, Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin Bakıda keçirilən birinci üçtərəfli toplantısının yekununda Bakı Bəyannaməsinin imzalanması ölkəmizin beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.