CƏMİYYƏT


Ekspert: İftar süfrəsi açmaq üçün sərf edəcəyimiz vəsaitlə ehtiyacı olan insanlara yardımlar edə bilərik

Bakı, 17 aprel, AZƏRTAC

Ramazan birlik və bərabərlik ayıdır. Bu ayda maddi və mənəvi gözəlliklər birlikdə yaşanır. Sevgi, tolerantlıq və həmrəylik kimi pozitiv hisslər ön plana çıxır. Dini əhəmiyyəti ilə yanaşı həmrəylik hisslərinin fərdi və sosial məsuliyyətin ən yüksək olduğu ay kimi xarakterizə edilə bilər. İnsanlar bu ayda iftar süfrəsi açmaqla qohumlarla, qonşularla, yaxınlarla görüşür, öz ruzilərini bir-biri ilə bölüşürlər. Lakin pandemiyanın bəşəriyyətə, sosial-iqtisadi rifaha vurduğu zərəri və eyni zamanda virusun yoluxma qabiliyyətinin yeni variantlarla daha da sürətləndiyini nəzərə alaraq, iftar süfrəsini başqaları ilə bölüşməyin alternativ yollarını axtarmalıyıq.

Bunu AZƏRTAC-a Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru, ictimai səhiyyə üzrə ekspert Pərvanə Vəliyeva deyib. Ekspert hesab edir ki, Ramazan yardımlaşma ayıdır, süfrəmizi fiziki olaraq deyil də, mənəvi olaraq insanlarla bölüşə bilərik: “Başqaları ilə təmasda olmadan, iftar süfrəsi açmaq üçün sərf edəcəyimiz vəsaitlə ehtiyacı olan insanlara yardımlar edə bilərik. Bununla da, biz Ramazanda həmrəylik, birlik nümayiş etdirərək, öz mənəviyyatımızı da, savablarımızı da artırmış olarıq.

Peyğəmbərimiz Hz.Məhəmmədin (s.ə.s) hədislərdə 14 əsir bundan əvvəl yoluxucu xəstəliklər barədə dedikləri bu gün koronavirusla mübarizədə tətbiq etdiyimiz tədbirlərdir. Belə ki, Peyğəmbərimiz (s.ə.s) əgər bir ölkədə vəba yayılmışdırsa, oraya getməməyi və olduğunuz yerdə yoluxucu bir xəstəlik varsa oranı tərk etməməyi, yoluxucu xəstəliyi olan insanların sağlam insanlara yaxınlaşmamasını tövsiyə etmişdi. O, “təmizlik imandan gəlir” deyərək daim təmizlik qaydaları barədə insanlara məsləhətlər etmişdi.

Peyğəmbərimizin (s.ə.s) insanlara bu məsləhətləri hazırda xəstəliklə mübarizədə bütün dünyada tətbiq edilən gigiyena qaydaları və karantin tədbirləri ilə eynilik təşkil edir. İnsanların sağlamlığına belə önəm verən İslam dininin, bütün insanlığın Peyğəmbəri Hz. Məhəmmədin (s.ə.s) hər mövzuda olduğu kimi, infeksion xəstəliklər mövzusunda da insanlara etdiyi tövsiyələr bu gün bütün dünyanın qarşı-qarşıya qaldığı COVID-19-la mübarizədə tətbiq edilir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.