İQTİSADİYYAT


Ekspert: İqtisadi artım 2019-cu ildə büdcə gəlirlərinin formalaşmasına və artmasına müsbət təsir göstərəcək

Bakı, 1 dekabr, AZƏRTAC

2019-cu ilin dövlət büdcəsi Azərbaycanda növbəti illər üçün proqnozlaşdırılan iqtisadi artım tempinə uyğun olaraq tərtib olunub. İqtisadi artım növbəti ildə büdcə gəlirlərinin formalaşmasına və artmasına müsbət təsir göstərəcək.

Bu fikirləri AZƏRTAC-a iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspert qeyd edib ki, gələn ilin dövlət büdcəsinin gəlirlərində 3,5 faiz artım proqnozlaşdırılır. Bu, dövlət büdcəsinin gəlirlərinin 22,9 milyard manatadək yüksəlməsi anlamına gəlir. 2018-ci il üçün bu rəqəm 22,1 milyard manat idi. Xərclərdə artım 7,3 faiz olacaq. Bu da məhz xərclərin 24,7 milyard manata çatması deməkdir. Bu il üçün bu rəqəm 23,1 milyard manat idi. Göründüyü kimi, büdcə gəlir və xərclərində artım əvvəlki il ilə müqayisədə daha çoxdur. 2019-cu il həm də Azərbaycan iqtisadiyyatında daha yüksək artımın proqnozlaşdırılması ilə bağlıdır.

Büdcənin ÜDM-də payının 28 faiz olacağını proqnozlaşdıran V.Bayramov qeyd edib ki, gələn ilin büdcə gəlirlərinin formalaşması istiqamətlərinə baxsaq, vergi sistemində həyata keçiriləcək islahatların büdcə gəlirlərinin formalaşmasına birbaşa təsir göstərəcəyini görə bilərik. Dövlət Gömrük Komitəsinin daxilolmalarında 8,2 faiz artım olacaq. Bu da komitənin xətti ilə büdcəyə 3 milyard 451 milyon manat vəsaitin daxil olması deməkdir. Vergilər Nazirliyi büdcəyə 7 milyard 316 milyon manat vəsait ödəyəcək. Bu da büdcə gəlirlərinin formalaşmasında Vergilər Nazirliyinin Dövlət Neft Fondunun transferindən sonra ikinci əsas mənbə olmasından xəbər verir. Dövlət Neft Fondundan isə büdcəyə 11 milyard 364 milyon manat vəsait transfer ediləcək.

"Gələn ilin büdcə gəlirlərinin 9,2 milyard manatı qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmaların payı 400,4 milyon manat artacaq ki, bu da 2018-ci illə müqayisədə 4,7 faiz çoxdur. Dövlət büdcəsində diqqət çəkən əsas məqamlardan biri xərclərdir. Bu sahədə bütün istiqamətlərdə artımlar qeydə alınıb. Elm xərclərində 4,2 faiz artım gözlənilir. Bu xərclər son dövrlər ən çox müzakirə edilən istiqamətlərdən biridir. Gələn il elm sahəsinə 133,5 milyon manat vəsait ayrılacaq. Təhsil xərcləri 2 milyard 274 milyon manat proqnozlaşdırılıb ki, bu da əvvəlki ilə müqayisədə 11,3 faiz çoxdur. Səhiyyə sahəsində artım daha yüksək olacaq. Bu istiqamətə 1 milyard 48 milyon manat yönəldiləcək. Sosial təminat xərclərində 9 faiz artım proqnozlaşdırılır. Aqrar sektora 834 milyon manat vəsait ayrılacaq. Əksər istiqamətlərdə artımların olacağını müşahidə edirik", - deyə ekspert diqqətə çatdırıb.

2019-cu ildə sosialyönümlü xərclərin payı 7 milyard 900,9 milyon manat olacaq ki, bu da bu illə müqayisədə 11,2 faiz çoxdur. Sosial ipoteka və mənzil təminatının genişləndirilməsi istiqamətində 162 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Həmçinin ehtiyac meyarı 143 manat müəyyənləşdirilib.

Ekspert deyib: "Bütövlükdə, növbəti illərdə sosial layihələr və proqramların dəstəklənməsi prioritet olacaq. Bu ondan xəbər verir ki, sosial, təhsil, elm, səhiyyə üzrə ayırmalar prioritetliyini qoruyub saxlayacaq. Gələn ilin dövlət büdcəsi Azərbaycanda növbəti illər üçün proqnozlaşdırılan iqtisadi artım tempinə uyğun olaraq tərtib olunub. İqtisadi artım növbəti 2019-cu ildə büdcə gəlirlərimizin formalaşmasına və artmasına müsbət təsir göstərəcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.