İQTİSADİYYAT
Ekspert: İqtisadi müşavirədə ölkəmizdə fiskal siyasətin mövcud vəziyyətinə toxunularaq gələcək inkişaf meylləri müəyyənləşdirildi
Bakı, 17 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara və fiskal siyasətin mövcud vəziyyətinə toxunularaq gələcək inkişaf meylləri müəyyənləşdirildi.
Bu sözləri AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Nicat Hacızadə deyib.
O bildirib ki, Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirə öz dinamikliyi və hesabatlılıq cəhətdən yüksək səmərəli xarakterə malikdir. Belə ki, müşavirədə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara, fiskal siyasətin mövcud vəziyyətinə toxunularaq gələcək inkişaf meylləri müəyyənləşdirildi. Müşavirə üç tezisi özündə əks etdirərək ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha inamlı inkişafa doğru irəliləməsinə zəmin yaratdı.
“Birinci tezis islahat siyasətinin hökumət tərəfindən mərkəzləşdirilmiş formada birgə hərəkət etməsinə çağırış idi. Çünki islahatlar mərkəzləşmiş qaydada, bərabər dəstək prinsipləri əsasında həyata keçirilən zaman nəticələr daha tez əldə edilir, inkluzivlik təmin olunur. Hökumətin islahat siyasətində başlıca meyar olaraq müasir və innovativ yanaşmaların tətbiqi zəruridir. İkinci tezis, ölkəmizin fiskal siyasətinin daha çevik və dayanıqlılığını özündə ehtiva edir. Belə ki, büdcə xərcləmələrində şəffaflıq və hesabatlılıq başlıca prinsip hesab olunaraq fiskal dayanıqlılığa şərait yaradılacaq. Təbii ki, sözügedən şəffaflıq prinsiplərindən əlavə, büdcənin hesabatlılığı da önəmli şərt hesab olunmalıdır. Üçüncü tezis, iqtisadi artımı və məşğulluğu artıracaq sahələrə investisiya siyasətini həyata keçirməkdir. Bundan əlavə, sonuncu tezisin əsas xətti iqtisadi artımı, bank sektoru üzrə biznes kreditlərini dəstəkləyəcək mexanizmlərin formalaşdırılması, dövlət əsaslı investisiya xərcləmələrini özəl təyinatlı investisiyalarla əvəz etmək idi”, - deyə ekspert əlavə edib.