CƏMİYYƏT


Ekspert: Koronavirusun üç mutasiya variantının meydana gəlməsi ilə peyvəndləmə prosesi daha da sürətlənməlidir

Bakı, 26 fevral, AZƏRTAC

Koronavirusun mutasiyaya uğraması gözlənilən idi, viruslar adətən ayda bir dəfə dəyişiklikliyə uğraya bilər, bu da ildə 24-30 dəfə mutasiya deməkdir. Lakin son zamanlarda koronavirusda yaranan hər üç variantda bir ildə yığıla biləcək qədər mutasiya var və onların genləri haqqında məlumat yoxdur. Virus təkamül keçirdiyi müddətdə onun genetikasının necə dəyişdiyi alimlər tərəfindən hələ ki, izlənilməyib.

Bu barədə AZƏRTAC-a Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru, ictimai səhiyyə üzrə ekspert Pərvanə Vəliyeva deyib. O bildirib ki, koronavirusla mübarizədə vaksinasiyanın başlaması ümidləri artırsa da, Böyük Britaniya, Cənubi Afrika və Braziliyada ortaya çıxan yeni mutasiyalar elm dünyasını ciddi narahat edir. Türkiyə Səhiyyə Nazirliyi Koronavirus Elmi Şura üzvü Prof.Dr.Kənan Midilli virusun mutasiyasının böyük ehtimalla immun sistemi zəif olan, yəni virusa rahatlıqla cavab reaksiyası verə bilməyən və ya qan plazma müalicəsi almış insanlarda yaranmış və ondan sonra insanlar arasında yayılmağa başlamasını iddia edir.

İngiltərədə 1-ci variant, Cənubi Afrikada 2-ci variant və Braziliyada 3-cü variant mutasiyaların hər üçünün oxşar xüsusiyyəti daha sürətli ötürülmə və yayılma sürətinə malik olmalarıdır. İngiltərə variantının əvvəlki COVID-19 virusundan ən az 30 faiz daha artıq yoluxucu olması müəyyən edilib. Lakin Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yeni variantların yoluxuculuq qabiliyyətinin daha yüksək olmasına baxmayaq, onlar əvvəlki virusla eyni dərəcədə ölüm və ya ağırlaşmalar yaradır. ÜST vaksin istehsalçılarına tövsiyə edir ki, COVID-19 əleyhinə peyvənd istehsalatında yeni variantları da nəzərdə saxlasınlar. Bəzi peyvəndlər var ki, onların tərkibinin dəyişdirilməsinə ehtiyac olmur, məsələn qızılcaya qarşı peyvənd. Lakin elə peyvəndlər var ki, məsələn, influenzaya (qripə) qarşı peyvəndlərin strukturu hər il yayılan ştammlara uyğun olaraq dəyişdirilməlidir. Mövcud peyvəndlərin yeni variantlar üzərində nə qədər effektiv olacağı barədə araşdırmalar davam etdirilir, ancaq onların ağırlaşma hallarından qoruya biləcəyi də istisna edilmir.

İlin əvvəlində bir çox ölkədə yoluxma saylarının azalması müşahidə olunsa da, hazırda ən çox yoluxma Portuqaliya, İsveçrə və Danimarkada qeydə alınır və Portuqaliyada yoluxan şəxslərin 60 faizində virusun İngiltərə variantı ilə yoluxma olduğu bildirilir. Yaz aylarında İngiltərə variantının bütün Avropada yayılması ilə virusun 3-cü dalğasının yaşanması ehtimal olunur.

Ekspert hesab edir ki, koronavirusun üç müxtəlif mutasiya variantının meydana gəlməsi ilə peyvəndləmə prosesi daha da sürətlənməli, qısa bir zaman kəsiyində peyvəndlər bütün ölkələr üçün əlçatan olmalıdır. Bununla yanaşı, peyvənd istehsalatı da sürətlənməlidir. Üçüncü dalğanın nə vaxt gələcəyini demək çətindir, dünya hazırlıqlı olmalı, əvvəlki yayılma dönəmlərindən öyrənilmiş dərslərə əsasən hər kəs qaydalara əməl etməyi davam etdirməlidir.

Tövsiyə olunan karantin rejimlərinin yumşaldılması ilə infeksiyaya nəzarət tədbirlərini, fərdi qorunma vasitələrindən istifadəni davam etdirməkdir. Maskadan istifadə, əllərin təmiz saxlanılması və ara məsafəsinin gözlənilməsi virusla mübarizədə sübut olunmuş effektiv və asan qorunma vasitələridir.

Pərvanə Vəliyevanın fikrincə gigiyena qaydalarına əməl edilməli, peyvənddən qorxmamalı, vaksinasiya prosesi cəmiyyətdə təşviq edilməlidir. “Hətta kifayət qədər peyvənd olardısa, fikrimcə, prioritet əhali qrupunun həcmini daha da artırmaq olardı. Bu istiqamətdə hər gün ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində olan, evdən işləmək imkanı olmayan insanlara da vaksin vurulmasını tövsiyə edərdim. Çünki ictimai nəqliyyatda yoluxma riski həmişə yüksək olmuşdur,” – deyə ekspert fikrini tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.