İQTİSADİYYAT
Ekspert: Mühəndis-kommunikasiya sistemləri şəhərin Baş planı tərtib edilərkən həllini tapmalıdır
Bakı, 28 noyabr, AZƏRTAC
Son illər Bakı şəhərində yaranan avtomobil tıxaclarının başlıca səbəblərindən biri də mühəndis-kommunikasiya xətlərinin küçə və yolların hərəkət hissəsində yerləşməsidir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat fakültəsinin dekanı Hikmət Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, bu kimi məsələlər şəhərin Baş planı tərtib edilərkən nəzərə alınmalıdır. Belə ki, kommunikasiya xətləri şəhərin əsas vəziyyəti, iqtisadi, memarlıq, mühəndislik və texniki baxımından mühüm rol oynayır. Buna görə də kommunikasiya xətlərinin çəkilməsi və ya layihələndirilməsi abadlıq işləri aparıldığı, yaxud yol çəkildiyi vaxt deyil, şəhərin uzunmüddətli Baş planı tərtib edilərkən öz həllini tapmalıdır.
Mütəxəssisin fikrincə, paytaxtda eni 3 metrdən 8 metrədək olan səkilərin altında kollektorlar tikilməli və kommunikasiya xətləri orada yerləşdirilməlidir.