REGİONLAR
Ekspert: Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası aqrar islahatların daha da dərinləşdirilməsinə imkan verəcək
Bakı, 12 oktyabr, AZƏRTAC
Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclası növbəti illərdə aqrar sektorun qarşısındakı hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. “Kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha böyük nəticələr əldə etməyə imkan verəcəkdir” deyən dövlətimizin başçısının proqram xarakterli nitqi bir çox nəticələrin çıxarılmasına imkan verir.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli AZƏRTAC-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında yaxın illərdə aqrar sektorun qarşısında 4 əsas prioritet müəyyən etdi. Bunlar, ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının daxili istehsal hesabına təmin edilməsi, sahələr üzrə məhsuldarlıq göstəricilərinin yüksəldilməsi, müasir elmi-texniki nailiyyətlərin tətbiqi və ixrac potensialının genişləndirilməsidir. Sadalanan prioritetlərin həyata keçirilməsi üçün kənd təsərrüfatı istehsalının hərtərəfli təhlilini aparan dövlətimizin başçısı aşağıdakı istiqamətləri müəyyənləşdirdi:
- Ölkənin mövcud torpaq fondundan səmərəli istifadə edilməlidir. Azərbaycan yararlı torpaq ehtiyatı məhdud olan ölkələrdəndir. Prezident bəyan etdi ki, istehsalın əsasını təşkil edən torpaqdan istifadə maksimum səmərəli şəkildə aparılmalıdır.
- İstehsalçıların gəlirləri əkin sahələrinin genişləndirilməsi ilə yox, məhsuldarlığın yüksəldilməsi hesabına artmalıdır. Prezident çıxışlarında vurğulayır ki, dünya təcrübəsinə müraciət etmək çox vacibdir və məlum olduğu kimi, aqrar sahədə uğurlu nəticələr qazanmış ölkələr intensiv metodlara daha çox istinad edirlər.
- Sahələr üzrə innovasiyaların tətbiqi ilə yanaşı, əməktutumlu əkinçilik vərdişlərinin bərpası və qorunması da lazımdır. Son illər pambıqçılığın genişləndirilməsi nəticəsində 190 min, baramaçılıq sahəsində isə 22 min daimi iş yeri yaranıb və bunların hamısı regionların payına düşür.
- Ənənəvi sahələrdən biri olan üzümçülüyün inkişafı ixracyönümlü olmalıdır. Bu, xarici ölkələrdə açılan şərab evlərinin genişləndirilməsi, xarici bazarlarda itirilmiş mövqelərin geri qaytarılmasında mühüm rol oynamalıdır.
- Zeytunçuluqda inkişafa nail olunmalı, bu sahədə, ilk növbədə, idxal aradan qaldırılmalı, xarici bazarlarda ölkə məhsullarının mövqeyi gücləndirilməlidir. Zeytunçuluğun inkişafı ilə bağlı problemin Prezident tərəfindən qaldırılması konkret rəqəmlərə əsaslanır. Əgər 2014-cü ilə qədər ölkədə zeytun bağlarının sahəsi 1400 hektar təşkil edirdisə, sonrakı illərdə dövlət dəstəyi sayəsində sürətlə artaraq ümumi əkin sahəsi 3351 hektara çatıb, bir neçə emal müəssisəsi tikilib. İstehsalın həcmi 1679 ton, məhsuldarlıq isə hektardan 6 sentner təşkil edir. Əhalinin bu məhsullar üzrə tələbatı idxal hesabına ödənilir. Ötən il şirkətlərimiz cəmi 4 ton zeytun meyvəsi, 244 ton isə zeytun yağı ixrac ediblərsə, əvəzində ölkəyə İspaniya, Yunanıstan, Türkiyə və digər ölkələrdən 1711 ton yağ, 893 ton isə konservləşdirilmiş zeytun idxal olunub. Göründüyü kimi, bu məhsul üzrə idxaldan asılılığımız ciddi rəqəmlərlə müşayiət olunur.
Nicat Nəsirli qeyd edib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında hər il ölkəyə böyük həcmdə tütün məhsullarının idxal olunduğunu da bildirərək deyib: “Elə ölkələr var ki, orada tütün bitmir, onlar bizə siqaret ixrac edirlər. Bu, absurddur, dözülməzdir”. Ona görə də növbəti illərdə ölkədə tütün əkinləri artırılaraq siqaret idxalı məhdudlaşdırılmalıdır.
Dövlətimizin başçısı aparılan aqrar islahatların yekunu kimi meyvə-tərəvəz ixracında ixtisaslaşma hədəfini ortaya qoydu. Belə ki, xarici bazarların konyukturası ildən-ilə dəyişir, artıq “bütün məhsulların xarici bazarlarda alıcısı var” prinsipi özünü doğrultmur. Ona görə, növbəti illərdə çoxsaylı məhsulları ixrac etməkdənsə, konkret bir neçə məhsulun xarici bazarda mövqe qazanmasına köklənməli, ixrac siyasətini pomidor, xurma, nar, fındıq və digər məhsullar üzərində formalaşdırmaq lazımdır.
“Prezidentin apardığı aqrar islahatın ən mühüm nəticəsi insan potensialının hərəkətə gətirilməsi olacaq. İqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatında da yerli icma və kooperasiyalaşmanın genişləndirilməsi, özünüməşğulluq layihələrinin həyata keçirilməsi çox mühümdür. Regionun iqtisadi xüsusiyyətlərinə bələd olan əhali reallaşdırılan dövlət dəstəkli mexanizmlərdən yararlanmaqla öz təsərrüfatlarını inkişaf etdirməli, bazaryönümlü yeni ideyalar tapmalı, onun iqtisadi əsasını yaratmalıdırlar. Bir sözlə, hər şeyi dövlətdən gözləmək psixologiyasından imtina olunmalıdır. Göründüyü kimi, dövlətimizin başçısının proqram xarakterli nitqi növbəti ildə aqrar islahatların daha da dərinləşdirilməsinə, əldə olunmuş nəticələrin şaxələndirilməsinə imkan verəcək”, - deyə Nicat Nəsirli bildirib.