REGİONLAR
Ekspert: Son illərdə pambıq lifi və pambıq iplik məhsullarının ixracında da kəskin artım müşahidə olunur
Bakı, 3 oktyabr, AZƏRTAC
Son illərdə xam pambıq istehsalının 6 dəfədən çox artması ilə yanaşı, pambıq lifi və pambıq iplik məhsullarının ixracında da kəskin artım müşahidə olunur.
Bunu AZƏRTAC-a açıqlamasında ekspert Cəfər İbrahimli deyib. Onun sözlərinə görə, xam pambıq istehsalında son illərin ən yüksək artımı 2017-ci ildə qeydə alınıb və 2018-ci il göstəricilərinin isə ən az 10 faiz yüksək olacağı gözlənilir: “2018-ci ildə pambıq lifinin və iplik məhsulların ixracı 2017-ci ildə toplanmış xam pambıqdan əldə olunub. Ötən ildəki bu artım 2018-ci ildə ixracın artmasına təkan verib. Belə ki, cari ilin 8 ayında 72 milyon dollar həcmində pambıq lif və ipliyi ixrac olunub. Bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Eyni zamanda, qeyd olunan məhsullarin ixracı 2017-ci ilin ixrac dəyərindən 30 faiz çoxdur və ilin sonuna qədər ixrac məbləğinin artacağı gözlənilir. İxrac məbləğinin artmasının digər bir səbəbi isə dünya bazarlarında pambıq qiymətlərinin son bir ildə 13 faiz artmasıdır”.
Ekspert bildirib ki, cari ildə mövcud iplik və toxuculuq fabrikləri ilə yanaşı, Mingəçevir Sənaye Parkında olan müəssisələrin də işə salınması ilə daxili tələbat artacaq. Yəni, pambığın xam məhsul kimi deyil, emal olunmuş yarımfabrikat və hazır məhsul şəklində ixrac olunması təmin ediləcək. Bununla da, yaranan əlavə dəyər zənciri çərçivəsində bu məhsulun ixracından valyuta daxil olmalarının artması gözlənilir.
“Nəzərə alsaq ki, qonşu ölkələrdən Türkiyə və Rusiyanın pambıq və pambıq məhsullarına ciddi tələbatı var, növbəti illərdə də pambıq və pambıq məhsullarının satışında hər hansı problemin olacağı gözlənilmir”, - deyə Cəfər İbrahimli əlavə edib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycandan pambıq lifi ixracı 58 milyon, pambıq ipliyi ixracı isə 14 milyon ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pambıq lifinin ixracı 2,2 dəfə, pambıq ipliyinin ixracı 35 faiz artıb.