Ekspert Şurası 72 adda preparatla bağlı imtina qərarı verib
AzerTAg.az

Bakı, 7 fevral, AZƏRTAC
“Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın 48-ci iclası keçirilib.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda elmi-tədqiqat institutlarında sınaqları aparılmış preparatlarla bağlı məlumatlar təhlil edilib, yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb.
Preparatların sınağı və tətbiqi zamanı əldə olunan müsbət nəticələrə əsasən, ilk dəfə qeydiyyata alınan 35 adda aqrokimyəvi maddə və 10 adda pestisid, təkrar qeydiyyata alınan 13 adda pestisid olmaqla, ümumilikdə 58 adda preparatın dövlət qeydiyyatına alınması, sənədlərinin ekspertizası nəticəsində müsbət rəy bildirilən 18 adda aqrokimyəvi maddə, 8 adda pestisid və 1 adda feromon tələ olmaqla, ümumilikdə 27 adda preparatın 3 mərhələdən ibarət dövlət sınağının (laboratoriya şəraitində analizi, tarla və istehsalat sınağı) aparılması barədə qərar qəbul olunub.
İşçi qrup tərəfindən verilən rəylərə əsasən, ilkin qeydiyyat üçün müraciət edilmiş 14 adda (6 adda aqrokimyəvi maddə, 8 adda pestisid), təkrar qeydiyyat üçün 56 adda (1 adda aqrokimyəvi maddə, 55 adda pestisid) bitki mühafizə vasitəsi və aqrokimyəvi maddələrə məxsus sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyindən onların dövlət sınağına göndərilməsi və təkrar qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib. Həmçinin təkrar qeydiyyat üçün müraciət olunmuş 1 adda (pestisid) preparatın təsiredici maddəsi AQTA-nın Kollegiyası tərəfindən təsdiqlənmiş 47 adda qadağa siyahısına aid olduğuna görə, onların təkrar qeydiyyata alınması məqbul hesab olunmayıb. Bütün bunları nəzərə alaraq, Ekspert Şurasının üzvləri tərəfindən 72 adda preparatla bağlı imtina qərarı verilib.
Bundan başqa, pestisid və aqrokimyəvi maddələrin saxlanc və satış yerlərində həyata keçirilən monitorinqlər, yoxlamalar zamanı aşkar edilən, o cümlədən fərdi müraciətlə bəyan olunan dövlət qeydiyyatına alınmamış və vaxtı keçmiş preparatların qanunvericiliyə uyğun olaraq zərərsizləşdirilməsi barədə İnventarlaşdırma Komissiyasının üzvləri tərəfindən müvafiq qərar qəbul edilib.
Qeyd edək ki, son illər ölkəmizdə bitki mühafizə vasitələri (pestisidlərin və bioloji preparatların) və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı, saxlanılması və satışı sahəsində nəzarət tədbirləri daha da təkmilləşdirilib. Sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin, aqrokimyəvi maddələrin idxalına icazə verilir.
Xəbərin mətnində orfoqrafik səhv var