SİYASƏT
Ekspert: Şuşa Qarabağ mədəniyyətinin beşiyi və bütün xalqın mədəniyyət tacında ən qiymətli daşlardan biridir
Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycanın Prezidenti 2022-ci ili “Şuşa İli” elan edib. Bu qərar ilk baxışdan simvolik əhəmiyyət kəsb edir. Əslində, bu qərar daxili və xarici siyasi mühitin dərin təhlilindən, eləcə də ölkəmizin rəhbərliyinin uzaqgörənliyindən qaynaqlanır. Gəlin, elan edilmiş illərin Azərbaycanda nə ilə əlamətdar olduğunu yada salaq. Məsələn, ötən il “Nizami Gəncəvi İli” idi. 2021-ci ildə Azərbaycanda və ölkəmizdən kənarda dahi şair Nizaminin yaradıcılığı ilə əlaqədar bir çox elmi və mədəni tədbirlər keçirildi. Dövlət və vətəndaş cəmiyyəti çox böyük həcmdə maliyyə vəsaitləri ayıraraq bu tədbirlərə təşkilati və mənəvi dəstək göstərdilər. Beləliklə, “Nizami Gəncəvi İli”ndə keçirilən tədbirlərdə dövlət və cəmiyyət vahid birlik təşkil edirdi. Buradan Prezident İlham Əliyevin qərarlarının birinci və ən mühüm funksiyası irəli gəlir - elan edilən il Azərbaycanı hər hansı bir vacib simvol ətrafında birləşdirir. Cari il “Şuşa İli” elan olunub. Şuşa bütün azərbaycanlılar üçün rəmzi və ideoloji əhəmiyyət daşıyır. Şuşa Qarabağ mədəniyyətinin beşiyi və bütün xalqın mədəniyyət tacında ən qiymətli daşlardan biridir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov söyləyib.
Ekspert elan edilmiş ilin mühüm tərkib hissəsi barədə danışıb. Vurğulayıb ki, cari il ərzində Azərbaycan xalqı ilin mövzusu ilə çox yaxından tanış olacaq. Məsələn, 2019-cu il “Nəsimi İli” olub və Azərbaycan xalqı təkcə Nəsimi yaradıcılığı deyil, həm də hürufizm və sufizm fəlsəfələri ilə yaxından tanış oldu. 2020-ci il “Könüllülər İli” idi. Xalqımız könüllülər təşkilatlarının təşkili və fəaliyyət prinsipləri ilə tanış olmuşdu, vətəndaş sektorunun könüllülük fəaliyyətində qabiliyyətləri inkişaf etdirilmişdi. 2020-ci il “Nizami Gəncəvi İli” idi və il ərzində Azərbaycan Nizami yaradıcılığının fəlsəfi, siyasi, mənəvi və etik aspektlərini hərtərəfli öyrəndi. Cari il isə Şuşa şəhərinin hərtərəfli öyrənilməsinə kömək edəcək. Əminliklə demək olar ki, 2022-ci ilin sonlarına həm Azərbaycanda, həm də digər ölkələrdə yaşayan azərbaycanlılar Şuşa şəhərinin mədəniyyəti, memarlığı, tarixi, coğrafiyası, iqtisadi potensialı barədə biliklərini zənginləşdirəcəklər.
Elşən Məcidov bu ilin maliyyə tərəfinin heç də az əhəmiyyət daşımadığına da diqqət çəkib. Dövlətin və özəl sektorun elan edilmiş illər çərçivəsində böyük həcmdə vəsait ayırmasını nəzərə alsaq, əminliklə demək olar ki, 2022-ci il ərzində biz infrastrukturun inkişafının, bəlkə də Şuşa şəhərinin tam məskunlaşdırılmasının şahidi olacağıq. Bununla da Azərbaycan əsas dövlət prioritetlərindən birinə - məcburi köçkünlərin evlərinə qayıtmasına nail olacaq.
“Nəhayət, elan edilmiş illər Azərbaycanın yumşaq gücünün elementləridir. Axı mədəni və ictimai tədbirlərdə yalnız xalqımızın nümayəndələri iştirak etmirlər. Son üç il ərzində bütün mühüm tədbirlərə xarici dövlətlərin mədəni və siyasi elitası dəvət olunub. Xarici ölkələrin diplomatik və mədəni mərkəzlərinin əməkdaşları tez-tez Azərbaycana qonaq və çox vaxt ictimai tədbirlərdə məruzəçi olurlar. Xarici ölkələrdə keçirilən tədbirlərə həmin ölkələrin tanınmış simaları dəvət olunur və onlar zəngin mədəniyyətimizlə tanış olurlar. Lakin düşünürəm ki, bu il yumşaq gücün əhəmiyyətinə görə bütün əvvəlki illərə üstün gələcək. Yuxarıda qeyd etdiyimiz kimi, bu il Şuşa şəhərinin sürətli inkişafı və tam məskunlaşdırılması gözlənilə bilər”, - deyə ekspert vurğulayıb.