İQTİSADİYYAT
Ekspert: Zəngəzur dəhlizinin açılması muxtar respublikanın gələcək inkişafı üçün yeni imkanlar yaradacaq

Bakı, 8 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında muxtar respublikanın gələcək inkişaf istiqamətlərini təhlil edilib. Proqramın tərkib hissəsi kimi 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyinin tərkib hissəsi olaraq uzunmüddətli yol xəritəsi tərtib edilib.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Hüseyn bildirib.
Ekspert qeyd edib ki, proqramda muxtar respublikanın güclü, zəif cəhətləri, həmçinin imkanlar və təhlükələr ətraflı təhlil edilib, gələcək inkişaf üçün geniş yol xəritəsi hazırlanıb.
Proqramda ixrac istiqamətli sənayenin, o cümlədən kənd təsərrüfatının, elm və səhiyyə sisteminin təkmilləşdirilməsi və genişləndirilməsi, turizm infrastrukturunun yaradılması, eyni zamanda, yaradılmış yeni müəssisələr hesabına əhalinin məşğulluğunun artırılması nəzərdə tutulur.
Rəşad Hüseyn əlavə edib ki, muxtar respublikada mövcud imkanlardan istifadə etməklə sənaye və istehsal müəssisələrinin qurulması, ixrac istiqamətli sənayenin inkişafı planlaşdırılır. Naxçıvan Muxtar Respublikasının ölkənin əsas ərazisi ilə birbaşa sərhədlərinin olmaması, uzun müddət blokada şəraitində qalması istər-istəməz digər regionlardan geri qalmasına səbəb olub. Lakin 44 günlük müharibədə qazanılan Qələbəmizin nəticəsi olaraq, Zəngəzur dəhlizinin açılması imkanlarının olması muxtar respublikanın gələcək inkişafı üçün yeni imkanlar açır. Belə ki, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın quru yolla digər regionlarla birbaşa əlaqəsinin olması iqtisadi inteqrasiyanı sürətləndirəcək, bu isə regionun inkişafına müsbət təsir göstərəcək. Proqramda ərazinin tam qazlaşdırılması, elektrik enerjisi və genişzolaqlı internet ilə təmin edilməsinə də xüsusi yer verilib.
Ekspert vurğulayıb ki, bütün bu işlərin icrası böyük maliyyə tələb edən işlərdir. Maliyyə mənbəyi kimi, dövlət büdcəsi, yerli və xarici investorlar, qanunvericiliklə müəyyən edilmiş digər mənbələr nəzərdə tutulub.
Proqramın uğurlu icrası nəticəsində muxtar respublikanın gəlirləri artacaq ki, bu da büdcə yükünün kəskin azalmasına, həmçinin Naxçıvanın sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək.