CƏMİYYƏT


Ekspertlər Avropanın vəhşi heyvandarlıq fermalarında SARS-CoV-2 virusunun yüksək yayılma riski barədə xəbərdarlıq edirlər

Bakı, 18 fevral, AZƏRTAC

COVID-19-a səbəb olan SARS-CoV-2 virusunun Avropadakı vəhşi heyvandarlıq fermalarında yayılması və onun insanlara ötürülməsi ehtimalı çox yüksəkdir. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu nəticəyə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertləri gəliblər.

Mütəxəssislər, ÜST-nin Avropa bölgəsinə rekord sayda xəz məhsulları istehsal edən ölkələrin daxil olduğuna görə Avropadakı vəhşi heyvandarlıqla əlaqəli riskləri təhlil etmək qərarına gəliblər. 2020-ci ilin aprel ayında Hollandiya, vəhşi heyvandarlıq təsərrüfatlarında yetişdirilən su samurlarında COVID-19 halları qeydə alınan dünyada ilk ölkə oldu.

Daha sonra su samurları arasında koronavirusa yoluxma hallarının olduğu barədə, o cümlədən yeddisi Avropada yerləşən daha doqquz ölkə haqqında məlumat verildi. Danimarkada isə bu heyvanlardan yoluxmuş bəzi insanlarda bir sıra mutasiya ehtiva edən yeni ştamm aşkar edildi. Üstəlik, ilkin tədqiqatların nəticələrinə görə, yeni variantın anticisimlərə qarşı həssaslığının azalması ilə xarakterizə olunduğu məlum olunub.

Ekspertlərin fikrincə, Avropa bölgəsindəki heyvanların xəzindən istifadə edərək məhsul istehsal edən 15 ölkədən 14-ü vəhşi heyvandarlıq fermalarında zəruri nəzarət sistemlərini tətbiq ediblər. Bundan başqa doqquz təsərrüfatda bu cür fermalarda çalışan insanlarda virusun aşkar edilməsi üzrə tədbirlər də həyata keçirilib.

Mütəxəssislər SARS-CoV-2 virusunun və onun variantlarının heyvanlardan insana ötürülməsinin qarşısının alınması üçün bir sıra tövsiyələr hazırlayıblar. Onlardan bəziləri: fermalarda sanitariya normalarına ciddi riayət edilməlidir; xəz təsərrüfatlarında çalışan işçilər davamlı olaraq fərdi qoruyucu vasitələrdən istifadə etməlidirlər; heyvanlar mütəmadi olaraq virusun mövcud olub-olmaması ilə əlaqədar yoxlanılmalıdır; xəz təsərrüfatlarının yaxınlığında yaşayan vəhşi heyvanların da yoxlanılması lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.