SİYASƏT


Ekspertlər Azərbaycan dövlətçiliyinin inkişaf yollarını müzakirə ediblər

Moskva, 26 may, AZƏRTAC

Mayın 26-da “Azərbaycan dövlətçiliyinin ildönümü: nailiyyətlər, problemlər, Rusiya ilə əməkdaşlıq” mövzusunda onlayn konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun təşkilatçılığı ilə baş tutan konfransın moderatoru institutun direktoru, politoloq Sergey Markov olub. Azərbaycan və Rusiya deputatları, ekspertlər 28 May-Respublika Günü ərəfəsində Azərbaycan dövlətçiliyinin tarixi, ikitərəfli münasibətlər və digər aktual mövzuları müzakirə ediblər.

Milli Məclisin deputatı Nizami Səfərov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi, müsəlman Şərqində ilk demokratik respublikanın elan olunması barədə ətraflı məlumat verib. O bildirib ki, qısa müddətdə AXC dövlətin və cəmiyyətin inkişafının mühüm sahələrini əhatə edən 230-dan çox qanun qəbul edib, müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçmək hüququ verilib. Deputat 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis edilməsini və təhsil ocağının ilk rektorunun rusiyalı alim, Kazan Universitetinin professoru Vasili Razumovski olduğunu diqqətə çatdırıb.

Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov ötən əsrin əvvəllərində üç Cənubi Qafqaz respublikası -Azərbaycan, Gürcüstan və Ermənistan müstəqilliklərini elan etdikdən sonra Ermənistanın Azərbaycan və Gürcüstana qarşı müharibə elan etməsi faktını diqqətə çatdırıb. O bildirib ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və Gürcüstanın Axalkalaki və Borçalı bölgələrinə qarşı ərazi iddiaları irəli sürüb. Həmin iddialar indiyədək davam edir. F.Axundov xatırladıb ki, Rusiya BMT Təhlükəsizlik Şurasının digər üzvləri ilə yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsinə səs verib. Təəssüf ki, Ermənistan bu tələbləri yerinə yetirməkdən imtina edir.

Prezident Administrasiyasının rəsmisi xatırladıb ki, Paşinyan hakimiyyətə gələndən sonra təcavüzkar ritorikanın dəyişəcəyinə ümid var idi, lakin Ermənistan yenidən öz məqsədlərindən əl çəkmir. O, Ermənistanda nasizmin qəhrəmanlaşdırılması məsələsinə toxunaraq xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçılarının Aşqabad görüşündə bu məsələni qaldırıb. “İstərdik ki, bu məsələyə Rusiya Dövlət Dumasının deputatları da diqqət yetirsinlər. Bu məsələ Ermənistanın özü üçün də vacibdir. Elə ermənilər var ki, Qaregin Njdeni deyil, Baqramyanı öz qəhrəmanları hesab edirlər”, - deyə o bildirib.

“Nasionalçnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko nasizmin qəhrəmanlaşdırılmasının tamamilə yolverilməz olduğunu bildirərək deyib ki, məhz Azərbaycan Rusiya ilə birlikdə bu sahədə ardıcıl mövqe tutur. Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçılarının Aşqabad görüşündə bu məsələni qaldırmasının problemin əhəmiyyətindən xəbər veridiyini vurğulayan ekspert Rusiya ictimaiyyətinin məsələyə belə qəti yanaşmanı dəstəklədiyini qeyd edib. İ.Korotçenko vurğulayıb ki, ərazilərinin 20 faizinin erməni silahlı birləşmələri tərəfindən işğal olunmasına baxmayaraq, Azərbaycan postsovet məkanının ən uğurla inkişaf edən respublikasına çevrilə bilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçiliyimizin bərpa olunmasında və inkişafında müstəsna rolunu qeyd edən politoloq bildirib ki, hələ SSRİ dövründə Heydər Əliyev öz orijinal təfəkkürü ilə seçilir, sovet Azərbaycanının misilsiz iqtisadi nailiyyətlərə imza atmasına nail ola bilirdi. “Çox təəssüf ki, Sovet İttifaqına Heydər Əliyev deyil, Qorbaçov başçılıq etdi. Əgər Heydər Əliyev SSRİ-nin rəhbəri olsaydı, Sovet İttifaqı dünyanın iqtisadi və siyasi cəhətdən inkişaf etmiş bir nömrəli dövlətinə çevrilərdi. Heydər Əliyev şəxsiyyətinin potensialı və miqyası bu ssenarini həyata keçirməyə imkan verirdi”, - deyə o bildirib.

Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov, nasizmin qəhrəmanlaşdırılması ilə mübarizədə Rusiya-Azərbaycan Dostluq Qrupunun xüsusi rolunu qeyd edib. O bildirib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəal rol oynaması, Azərbaycanı dəstəkləməsi, onunla hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməsi, ikitərəfli münasibətlər mövzusunun informasiya məkanında tez-tez qaldırılması və digər nailiyyətlərdə 2013-cü ildə yaradılmış Dostluq Qrupunun rolu var. Ekspert xatırladıb ki, 2013-cü il mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın dəvəti ilə Rusiya parlamentariləri və ictimaiyyətin nümayəndələrindən ibarət böyük qrup Azərbaycana gəlmişdi və Dostluq Qrupu da həmin səfər zamanı yaradılmışdı.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.