İQTİSADİYYAT
Ekspertlər: Neftin qiymətindəki bahalaşma uzunmüddətli olmaya bilər
Bakı, 1 dekabr, AZƏRTAC
Son doqquz ayın maksimum səviyyəsinə çatan neftin qiymətinin Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatı azaltmağa dair razılığa gəlməsi ilə bahalaşmağa davam edəcəyi gözlənilir. Ekspertlər isə neftin qiymətinin bahalaşmasının davamlı olacağı məsələsində həmfikir deyillər.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın ən böyük banklarından olan “Morgan Stanley”in analitikləri ABŞ-da artan şist nefti istehsalı ilə yanaşı, Asiyada Şimal dənizinə yönələn investisiyaların neftin qiymətinin bahalaşmasının davamlılığını təsir edəcəyini düşünürlər. Onların fikrincə, neft bazarındakı tarazlıq 2017-ci ilin sonuna doğru yenidən pozulacaq. Bu da neftin qiymətinə mənfi təsir edəcək.
Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”a görə, 2017-ci ilin ikinci yarısında neftin barrel qiyməti 60 dolları ötdükdən sonra yenidən 50 dollardan aşağı düşəcək.
Yaponiyanın “Mitsui & Co.” şirkəti isə, neftin qiymətinin ötən altı ayda olduğu kimi 40 dollar/barrel səviyyəsində qalacağını proqnozlaşdırır: “Neftin qiyməti 60 dollara qədər yüksələ bilər. Lakin daha sonra şist nefti istehsalçılarının təsiri ilə qiymətlər böyük ehtimalla yenidən geriləyəcək. Qiymətlər 50 dollar səviyyədə davam edəcək. Hətta 40 dollar/berrelə qədər ucuzlaşa bilər”.
Qeyd edək ki, noyabrın 30-da Vyanada OPEC-in Nazirlər Şurasının 171-ci iclasında son səkkiz ildə ilk dəfə kartel üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılmasına nail olub.