CƏMİYYƏT


Ekspertlər: Zoonoz xəstəliklərinin artması ətraf mühitin deqradasiyası ilə əlaqədardır

Bakı, 8 iyul, AZƏRTAC

COVID-19, virusların heyvandan insana keçməsi nəticəsində yaranan xəstəliklərin yalnız bir nümunəsidir. Bununla belə, ekspertlər zoonoz xəstəliklərinin artmasını ətraf mühitin deqradasiyası ilə əlaqələndirirlər. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, təşkilatın yeni məruzəsinin müəllifləri COVID-19-a bənzər pandemiyanın yaranmasına imkan verməmək üçün təkliflər irəli sürüblər.

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən aparılan tədqiqatda zoonoz xəstəliklərin yaranmasına və yayılmasına səbəb olan yeddi tendensiya qeyd olunub. Onların sırasında heyvan zülallarına tələbatın artması, kənd təsərrüfatı işlərinin intensiv üsullarla aparılmasının daha geniş şəkildə tətbiqi, vəhşi təbiətin istismarının və iqlim dəyişikliyi miqyaslarının genişlənməsi məsələləri yer alıb.

“Elm bizə aydın şəkildə deyir ki, əgər biz bundan sonra da vəhşi təbiəti istismar edib ekosistemləri məhv edəriksə, növbəti illərdə bu xəstəliklər bir-birinin ardınca heyvanlardan insana keçəcək. Son aylarda baş verənlərdən göründüyü kimi, pandemiyalar həyatımıza və iqtisadiyyata dağıdıcı təsir göstərir və bundan ən çox əziyyət çəkən yoxsullar və müdafiəsiz insanlardır. Gələcəkdə baş verə biləcək bu kimi hadisələrin qarşısını almaq və ətraf mühitin qorunması üçün biz məqsədyönlü tədbirlər görməliyik” , - deyə UNEP-in icraçı direktoru İnqer Andersen xəbərdarlıq edib.

Zoonoz xəstəlikləri heyvanlardan insanlara keçən xəstəliklərdir. Bu günədək 11 milyondan çox insanın yoluxduğu və beş yüz min insanın ölümünə səbəb olan COVID-19-un mənbəyinin yarasalar olduğu ehtimal edilir.

Qeyd edək ki, Yaxın Şərq Tənəffüs Sindromu, Ebola, Qərbi Nil ensefaliti və Rift vadisi qızdırması da COVID-19-a bənzər xəstəliklər sırasına daxildir. Ekspertlərin fikrincə, onların insan mühitinə daxil olmasına antropogen amillər, yəni insan fəaliyyəti də təsir edir.

Bu xəstəliklər səbəbindən aşağı və orta gəlirli ölkələrdə hər il, bir qayda olaraq, iki milyon insan həyatını itirir. Habelə mal-qaranın həmin xəstəliklərə yoluxması nəticəsində fermerlər qazancından məhrum olur.

Məruzədə COVID-19 pandemiyası nəzərə alınmadan belə, zoonotik xəstəliklərin 100 milyard dollardan çox itkiyə səbəb olduğu göstərilir. Bu itkinin qarşıdakı yaxın illərdə doqquz trilyon dollara çatacağı proqnozlaşdırılır.

Ekspertlər qeyd edirlər ki, heyvanlardan keçən xəstəliklər bütün dünyada yayılsa da, Afrika ölkələrinin bir çoxu əldə etdikləri təcrübə sayəsində ölümcül zoonoz pandemiyasının baş verməsinin və qarşıdakı yaxın illərdə yayılma təhlükəsinin öhdəsindən gələ biliblər.

Afrikada hələ də çoxlu tropik meşə sahələri və vəhşi heyvanların məskunlaşdığı areallar mövcuddur. Xüsusən Afrika qitəsində əhalinin sayı sürətlə artır, insanların yaşayış zonası daim genişlənir. Nəticədə vəhşi heyvanların ev heyvanları ilə təmasda olma ehtimalı artır ki, bu da zoonoz xəstəliklərin yayılma riskini artırır.

“Eyni zamanda, Afrika ölkələri Ebola və digər xəstəliklərdən qurtulduqdan sonra potensial yeni yoluxmaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görürlər”, - deyə ev heyvanlarının tədqiqatı üzrə Beynəlxalq İnstitutun baş direktoru Cimmi Smit bildirib. Baş direktor, həmçinin onların istifadə etdiyi “Vahid sağlamlıq” üsulunun məruzənin müəllifləri tərəfindən hamıya tövsiyə olunduğunu, zoonoz xəstəliklərə qarşı mübarizədə insan sağlamlığı, baytarlıq və ətraf mühit sahəsindəki bilikləri birləşdirməyin vacibliyini vurğulayıb. Ekspertlər hesab edirlər ki, “Vahid sağlamlıq” həm zoonotik xəstəliklərin yayılması və pandemiyası barədə xəbərdarlıq etmək, həm də onların qarşısını almaq baxımından optimal yanaşmadır. Məruzədə, həmçinin daha on konkret tövsiyə yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.