DÜNYA


Ekspertlər təyyarədə koronavirusa yoluxma riskini qiymətləndirib

Bakı, 8 sentyabr, AZƏRTAC

Ekspertlər sərnişinlərin təyyarədə koronavirusa yoluxma riskini qiymətləndirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ekspertlərin fikrincə, sərnişinlərin təyyarənin göyərtəsində bir neçə saat bir-birinə çox yaxın oturmalarına baxmayaraq, uçuş zamanı COVID-19 xəstəliyinə yoluxma riskləri hamının düşündüyü qədər də çox deyil.

“Biz təyyarə salonunda sərnişinlərin kütləvi yoluxması hallarına rast gəlməmişik. Adətən virus daşıyıcısının bilavasitə yanında oturan şəxs zərər çəkir”, - deyə Con Hopkins Universitetinin Sağlamlıq Təhlükəsizliyi Mərkəzinin böyük elmi işçisi və ABŞ-ın İnfeksionistlər Cəmiyyətinin nümayəndəsi Ameş Adalya bildirib.

Məsələ bundadır ki, laynerlərdə yüksək effektli havalandırma sistemləri quraşdırılıb. “Bu filtrlər hava yolu ilə yayılan mikrobların 99,9 faizini tutmağa qadirdir. Salonun havalandırılması mahiyyət etibarilə sterildir və virus hissəcikləri daşımır”, - deyə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası məlumat verib. Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Devid Nabarro da yaxşı filtrlər sayəsində təyyarədə səyahətin “nisbətən təhlükəsiz” olduğu fikri ilə razılaşıb.

Təyyarə göyərtəsində yoluxma ehtimalı bir sıra digər tədbirlər sayəsində də minimallaşır. Belə ki, hərarəti yüksək olanlar uçuşa buraxılmır. Bundan başqa, aviakompaniyaların əksəriyyəti sərnişinləri əllərini tez-tez yumağa və dezinfeksiya etməyə, həmçinin maska taxmağa çağırır. Bəzi aviadaşıyıcılar isə sosial məsafəni qorumaq məqsədilə salonda sərnişinlərin sayını məhdudlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.