CƏMİYYƏT
“Ekspo 2025 Bakı” Əməliyyat katibliyi qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüş keçirib
Bakı, 2 oktyabr, AZƏRTAC
“Ekspo 2025 Bakı” Əməliyyat katibliyi qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə görüş keçirib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, Fondun icraçı direktoru Fərid Cəfərov tədbirdə çıxış edərək qurumun gənclər üçün yaratdığı geniş imkanlar barədə məlumat verib. Yüksək bal toplayan gəncləri Fond ilə sıx əməkdaşlığa dəvət edən F.Cəfərov diqqətə çatdırıb ki, Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində beynəlxalq layihələr üçün açıq olan “B” kateqoriyasının prioritet istiqamətlərindən biri məhz Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı gənclər arasında təbliğat tədbirlərinin keçirilməsidir.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov daha yaxşı gələcək üçün insan kapitalının inkişafına savadlı, təhsilli gənclərin birbaşa təsir göstərəcəyini diqqətə çatdırıb.
“Ekspo 2025 Bakı” Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster Pol Foster “Ekspo 2025 Bakı” layihəsinin əsas texniki parametrlərinə dair xüsusi təqdimatla çıxış edib.
Təqdimatın sonunda qonaqlara “Ekspo 2025 Bakı” layihəsinin mövzusu olan “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” adlı videoçarx nümayiş etdirilib.
Tələbələr çıxışlarında belə mühüm tədbirin təşkilinə görə Gənclər Fonduna və “Ekspo 2025 Bakı” Əməliyyat katibliyinə təşəkkürlərini bildiriblər.