CƏMİYYƏT
“Ekspo-2025” uğrunda rəqabət Rusiya-Azərbaycan münasibətlərinə təsir göstərməyəcək
Moskva, 20 aprel, AZƏRTAC
“Ekspo-2025” sərgisini keçirmək uğrunda rəqabət Rusiya və Azərbaycan münasibətlərinə təsir göstərməyəcək. Bu fikri Rusiya Federasiyası Sverdlovsk vilayəti qubernatorunun birinci müavini Aleksey Orlov “Böyük Ural” turizm forumunun açılışında söyləyib.
AZƏRTAC “FederalPress” informasiya agentliyinə istinadla xəbər verir ki, Yekaterinburqda “Böyük Ural” VI turizm forumu və “UralTravelMarket” sərgisi açılıb. Tədbirin tərəfdaşı Azərbaycanın Yekaterinburqdakı baş konsulluğudur.
Sverdlovsk vilayəti qubernatorunun birinci müavini Aleksey Orlov “FederalPress”in müxbiri ilə söhbətində qeyd edib ki, “Ekspo-2025” sərgisinin keçirilməsi hüququ uğrunda Yekaterinburq ilə Bakı arasında rəqabət turizmin inkişafı yolunda əngəl olmamalıdır.
“Biz kimin “Ekspo-2025” sərgisini qəbul etməyə layiq olduğunu dürüst rəqabət mübarizəsində müəyyən edəcəyik. Bu iş yalnız kommunikasiya infrastrukturunun və mehriban qonşuluq münasibətlərinin inkişafına xidmət edir. Əldə olunacaq nəticə bizim çox mehriban münasibətlərimizə təsir göstərə bilməz və göstərməməlidir”.
Xatırladaq ki, “Ekspo-2025” Ümumdünya Sərgisinin keçirilməsi uğrunda hazırda Rusiyanın Yekaterinburq, Azərbaycanın Bakı və Yaponiyanın Osaka şəhərləri mübarizə aparırlar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva