ELM VƏ TƏHSİL
Eksternat imtahanlarının nəticələri açıqlanıb
Bakı, 23 may, AZƏRTAC
Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki illərdə tam orta təhsilini başa vura bilməyən şəxslər üçün təşkil edilən eksternat imtahanında 374 nəfəri Azərbaycan, 38 nəfəri rus bölməsi olmaqla, 412 nəfər iştirak edib. Onlardan 256-sı imtahanın nəticələrinə görə müvəffəq olub.
Eksternlər hərəsində on sual olmaqla, üç gündə 13 fənn (ana dili, ədəbiyyat, xarici dil, insan və cəmiyyət, Azərbaycan tarixi, ümumi tarix, iqtisadiyyatın əsasları, riyaziyyat, biologiya, astronomiya, kimya, fizika, coğrafiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha bir fənndən də (Azərbaycan dili) sınaqdan keçiblər.
Eksternat imtahanlarından uğur qazanan şəxslərin attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir.
Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin saytına (www.dim.gov.az) daxil olmaqla məlumat əldə edə bilərlər.