ELM VƏ TƏHSİL
Eksternat imtahanlarının nəticələri açıqlanıb
Bakı, 12 yanvar, AZƏRTAC
Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirə bilməyən şəxslər üçün eksternat imtahanında 99 nəfər iştirak edib. Onlardan 68-i imtahanın nəticələrinə görə müvəffəq olub.
Eksternlər hərəsində on sual olmaqla, iki gün ərzində 12 fənn (ana dili, ədəbiyyat, kimya, fizika, coğrafiya, informatika, həyat bilgisi, Azərbaycan tarixi, riyaziyyat, ümumi tarix, xarici dil, biologiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha bir fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak hüququna sahibdirlər.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.