Ekvadorun üç əyalətində iğtişaşlar səbəbindən fövqəladə vəziyyət elan edilib
AzerTAg.az
Bakı, 18 iyun, AZƏRTAC
Ekvador Prezidenti Guillermo Lasso iğtişaşlarla müşayiət olunan kütləvi etirazlar səbəbindən ölkənin üç əyalətində fövqəladə vəziyyət rejimi elan edib.
AZƏRTAC xəbər verir ki, Ekvador prezidenti bunu milli televiziyanın efirində bildirib.
“Dünən dialoqa çağırdım və bunun müqabilində daha çox zorakılığa məruz qaldıq. Onların həll yolları axtarmaq niyyəti yoxdur. Rifah üçün mübarizə apardıqlarını deyirlər, amma yolları bağlayırlar, qıtlıq, qiymət artımı və spekulyasiya yaradırlar. Tibbi xidmətin keyfiyyətini artırmaq istədiklərini deyirlər, lakin təcili yardım maşınlarının hərəkətinə mane olurlar. Mən Piçinça, İmbabura və Kotopaxi əyalətlərində fövqəladə vəziyyət rejimi elan etməyə məcburam”, - dövlət başçısı belə deyib.
Guillermo Lasso, həmçinin cəmiyyətin müxtəlif təbəqələrini dialoqa çağırıb və kredit şərtlərini yüngülləşdirib.
Ekvadorda həftənin əvvəlindən başlayaraq Yerli Xalqlar Konfederasiyasının təşəbbüsü ilə kütləvi etiraz aksiyaları keçirilir. Ölkədə bir sıra əsas avtomobil yollarını bağlayan nümayişçilər yanacağın qiymətinin aşağı salınmasını və vətəndaşların təhlükəsizliyinin təmin olunmasını tələb edirlər. Aksiyalar bəzi hallarda iğtişaşlarla müşayiət olunur.

Xəbərin mətnində orfoqrafik səhv var