MƏDƏNİYYƏT
“El qəhrəmanları” adlı tədbir şəhid qəhrəmanımız Ülfət Kərimova həsr olunub
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-də Azərbaycan Hərb Tarixi Muzeyində “Azərbaycan bayrağı” ordenli kəşfiyyatçı Ülfət Kərimovun anım gününə həsr olunan “El qəhrəmanları” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə şəhid Ülfət Kərimovun keçdiyi döyüş yolundan danışıb. Bildirib ki, Kəlbəcərdə doğulub boya-başa çatan Ülfət Kərimov erməni qəsbkarlarına qarşı döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, əsir götürüb, eləcə də iki tank, iki ədəd “PDM-2”, iki “AQS-17”, iki minaatan ələ keçirib, üç tankı isə məhv edib. Kəşfiyyatçı kimi xidmət edən Ülfət Kərimov 1993-cü il martın 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində əhalinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girib. Əhalinin kəndi sağ-salamat tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarı yaxınlığında düşmən tankını məhv edərkən şəhid olub. Ü.Kərimov 1993-cü il sentyabrın 13-də ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Anım mərasimində Kəlbəcər rayon Veteranlar Şurasının sədri Ramiz Əliyev, Ülfət Kərimov haqqında kitabın müəllifi Əli Abdullayev, hərbi reportyor, ehtiyatda olan kapitan Nizami Abbas, ehtiyatda olan polkovnik-leytenantlar Balay Nəsibov, Rəhman İsgəndərov, Füzuli Rzaquliyev və başqaları çıxış edərək qəhrəmanın döyüş yolundan, düşmənə vurduğu böyük zərbələrdən, Vətən uğrundakı fədakarlığından söhbət açıblar.
Qeyd edilib ki, Ülfət Kərimov kimi qəhrəmanlarımızın həyat yolu gənclərimiz üçün örnəkdir. Çünki onlar xalqımızın azadlığı, müstəqilliyi, torpaqlarımızın müdafiəsi üçün canlarını fəda ediblər.
Sonra qəhrəmanın ailə üzvləri adından qardaşı Zöhrab Kərimov çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Tədbirdə Nizami Abbasın ssenarisi əsasında qəhrəman şəhidimizə həsr olunmuş film nümayiş olunub, sərgi təşkil edilib.
Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər oxuyublar.