İQTİSADİYYAT
Elbay Qasımzadə: Adətən o layihələr reallaşdırılır ki, onların konkret sifarişçisi olur
Bakı, 1 avqust, Ramiz Quliyev, AZƏRTAC
Bu günlərdə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin və “Gənc memarlar və tələbələr klubu”nun təşəbbüsü ilə keçirilən müsabiqədə gənc memarların və tələbələrin 4-cü Respublika Müsabiqəsinin qalibləri müəyyən olunaraq mükafatlandırılıblar.
AZƏRTAC-ın müxbiri əvvəlki müsabiqə qaliblərinin layihələrinin taleyi ilə bağlı Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadəyə müraciət edib.
E.Qasımzadə deyib ki, ümumiyyətlə, müsabiqələrdə iştirak edən layihələrin sonradan həyata keçirilməsi əsas şərt deyil. Adətən o layihələr reallaşdırılır ki, onların konkret sifarişçisi olur və kiminsə istəyi və sifarişi ilə hazırlanıblar. Eyni zamanda, obyektin konkret harada tikiləcəyi məlumdur.
Tanınmış memar müsabiqənin məqsədinin tamam başqa olduğunu diqqətə çatdırıb. “Birincisi burada iştirak edən gənclərin əksəriyyəti öz diplom və kurs işlərini təqdim ediblər. Məqsədimiz gənclərin sənətə olan münasibətini formalaşdırmaq, daha ciddiləşdirmək, onları həvəsləndirmək, memarlar tərəfindən özlərinə qarşı diqqəti hiss etdirməkdir. Ümid edirik ki, gənclərimiz gələcəkdə Azərbaycan memarlıq sənətini nəinki ölkəmizdə, eləcə də, xaricdə layiqincə təmsil edəcəklər”, - deyə Elbay Qasımzadə vurğulayıb.