SİYASƏT


Elçin Əhmədov: Azərbaycanın müstəqil xarici siyasətini qəbul edə bilməyən dairələrin qərəzli “hesabatlar”ı heç nəyi dəyişmir

Bakı, 12 fevral, AZƏRTAC

Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov "Freedom House"un yaydığı “Dünyada azadlıq-2019” adlı hesabata münasibət bildirərkən deyib.

E.Əhmədov qeyd edib ki, Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və ölkə rəhbərliyinin bütün səyləri regionun inkişafına və xalqın rifahına yönəlib. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər üçtərəfli, həmçinin dördtərəfli əməkdaşlıq formatları buna əyani sübutdur. Eləcə də ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib.

Hazırda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz faktıdır. Məhz bu səbəbdən də Azərbaycanın dinamik inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir. Onlar Azərbaycanın ünvanına heç bir əsası olmayan cəfəngiyatlar səsləndirməkdə davam edirlər.

"Freedom House" təşkilatına gəldikdə isə həmişə Azərbaycan haqqında yanlış məlumatlar yayır, qərəzli olaraq mətbuat azadlığı üzrə reytinq cədvəlində ölkəmizi son sıralarda yerləşdirir. Bununla yanaşı, bu təşkilat ermənilərin nəzarətində olan qurumlardan biridir və onların maliyyə dəstəyi ilə işləyir və buna görə də bir qayda olaraq Azərbaycanda mətbuatla bağlı qeyri-obyektiv, qərəzli və birtərəfli məlumatlar verir.

Qeyd etmək lazımdır ki, Qərb texnoloqları on illər boyunca həyata keçirdikləri səmərəsiz proseslərin, ikili, qərəzli münasibətlərinin, oyunlarının ifşa olunduğunu görüncə vəziyyətdən çıxış üçün günahı ayrı-ayrı ölkələrin üzərinə yıxmaq taktikasını seçirlər. Qərbin müdaxiləsi postsovet məkanında heç bir problemi həll etməyib, mövcud münaqişələrdən heç biri həllini tapmayıb, bu region əhalisinin Qərbdən gözləntilərinin heç biri özünü doğrultmayıb. Təbii olaraq, Qərb texnoloqları yarıtmaz fəaliyyətlərinə görə hesabat verməlidirlər. Proseslərin bu yönə istiqamətlənməsinin qarşısını almaq üçün yeni taktika işlənir və regionun ayrı-ayrı ölkələrini istənilən ittihamla üz-üzə qoymaqla vəziyyətdən çıxmağa cəhd edilir. Onlar ictimai rəyi bu yönə istiqamətləndirmək üçün əvvəlcə ələ alınmış ayrı-ayrı “muzdlu ekspertlərin müəllif yazıları”ndan, sonra beynəlxalq QHT-lərin aksiyalarından yararlanmağa çalışdılar. Azərbaycan bu kampaniyalara hər zaman tutarlı cavab verib və qarşı tərəfin özünü ifşa edib.

Bu baxımdan bəzi ermənipərəst dairələr və Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bir sıra “sənədlər”in qəbul edilməsi, xüsusilə müxtəlif xarici QHT və KİV-lərdə Azərbaycan əleyhinə “hesabat”ların və sifariş xarakterli yazıların dərc olunması, ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılması göstərir ki, proseslərin arxasında duran qüvvələr var, bunlar bilərəkdən istiqamətləndirilir. Bu qüvvələr erməni lobbisi və onun təsir dairəsində olan QHT, KİV və siyasətçilərdir. Onlar istənilən məsələ ilə bağlı dərhal anti-Azərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar.

Bu baxımdan "Freedom House"un yaydığı “hesabat”da Azərbaycanla bağlı qeyd olunan məqamlar qərəzlidir, yanlış məlumatlar əsasında hazırlandığı, subyektiv və qərəzli xarakter daşıdığı açıq-aydın görünür. “Hesabat”da Azərbaycan üçün reytinq cədvəlində 11 bal müəyyən edilir, məqsədli şəkildə “qeyri-azad” ölkə siyahısına salınır. Məlumdur ki, Azərbaycan dövləti neçə illərdir bütün dünyaya, həmçinin Avropa ölkələrinə və beynəlxalq təşkilatlara Qarabağ həqiqətlərini, o cümlədən Xocalı soyqırımı haqqında vandalizm aktlarını, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırır. Ancaq “hesabat”da Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğal olunması, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum edilməsi, məhz Ermənistanın beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal etməsi və 27 il əvvəl Xocalı soyqırımını törətməsi, eləcə də münaqişənin həll olunmaması barədə nəinki bir kəlmə deyilmir, əksinə, beynəlxalq humanitar hüququn prinsiplərini kobudcasına pozmaqda davam edərək işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox insanın bütün hüquqlarını pozan təcavüzkar ölkə “hesabat”da 51 balla “qismən azad” ölkə kimi qiymətləndirilir. Bununla yanaşı, son vaxtlar Avropanın mərkəzində baş verən hadisələrə, xüsusilə Fransada nümayişləri yatırmaq üçün istifadə edilən ən qəddar üsullara göz yumulur və “Freedom House” kimi təşkilatlar səsini belə çıxarmır. Bu səbəbdən Azərbaycan əleyhinə qərəzli “sənədlər” qəbul edən "Freedom House" və digər xarici QHT-ləri beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatı adlandırmaq insan haqlarına hörmətsizlikdən başqa bir şey deyil.

Məlumdur ki, Azərbaycanla bağlı bu cür sifariş və muzdla yazılmış “hesabat”ların arxasında Azərbaycana qarşı beynəlxalq aləmdə saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlaltıları dayanır. Biz ayrı-ayrı beynəlxalq qurumların, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının fəaliyyətində bunun vaxtaşırı şahidi oluruq. Azərbaycanı davamlı təsir dairəsində saxlamağa çalışan qüvvələr var və onlar da bu kampaniyanı dəstəkləyirlər. Ermənilərin iş ortağı hesab edilən Açıq Cəmiyyət İnstitutu bir sıra beynəlxalq QHT-lərin də əsas maliyyə dayağıdır. “Amnesty International”, “Human Rights Watch”, “Free Press”, “Mercy Corps”, Beynəlxalq Böhran Qrupu əsas gəlir götürənlərdir. Açıq Cəmiyyət İnstitutu “Human Rights Watch” təşkilatının birbaşa donorudur. Sərhədsiz Reportyorlar Təşkilatının maliyyələşməsində də Açıq Cəmiyyət İnstitutunun payı var.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, insan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərən "Freedom House"un fəaliyyəti, onun “hesabatları” bu təşkilatın müəyyən siyasi maraqlara xidmət etdiyini və ayrı-ayrı ölkələrlə, o cümlədən Azərbaycanla bağlı konkret olaraq sifariş yerinə yetirdiyini göstərir. Ümumiyyətlə, xarici QHT-lərin Azərbaycana qarşı kampaniya aparmasında, ölkəmiz barədə dezinformasiyalar yaymasında başlıca məqsəd müstəqil xarici siyasət yürüdən ölkəmizi qaralamaqdır. Çünki bu gün Azərbaycanın dünya səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyması antimüsəlman siyasətin, ovqatının hökm sürdüyü Avropada heç də bəzi qüvvələri razı salmır. Məhz erməni lobbisi də bunun arxasında dayanır və istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim edilsin. Çünki onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü mənfi rəyi formalaşdırmağa çalışıblar və bu gün də bu anti-Azərbaycan siyasəti davam edir. Avropanın erməni lobbisinin təsiri altında olan bəzi hüquq-müdafiə, mətbuatla, insan hüquqları və vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatları da anti-Azərbaycan fəaliyyətinə qoşulurlar. Bunların sırasında bəzi hökumətlərarası təşkilatlar və qurumlar “fəallıq” göstərirlər. Ancaq bütün bu səylərə baxmayaraq, bunlar indiyə kimi heç bir nəticə verməyib. Çünki Azərbaycan dövləti heç vaxt imkan verməz ki, onların bu kimi ədalətsiz, qərəzli və subyektiv iddiaları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.