SİYASƏT


Elçin Əhmədov: Xırda məişət hadisəsini şişirdərək münaqişə kimi təqdim etmək təxribatdan başqa bir şey deyil

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidenti millətlərarası münaqişə kimi qiymətləndirmək çox yanlış olardı. Azərbaycan və çeçen xalqları arasında tarixən çox sıx dostluq münasibətləri mövcuddur. Bu münasibətləri heç kəs sarsıda bilməz, çeçenlər və azərbaycanlılar dostluq və qardaşlıq ənənələrinə sadiqdirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.

E.Əhmədov deyib ki, Rusiya Federasiyası, o cümlədən onun tərkibinə daxil olan Çeçenistan Respublikası üçün Azərbaycanla münasibətlər strateji xarakter daşıyır və ölkələrimiz arasında əməkdaşlıq ildən-ilə genişlənir və möhkəmlənir. Bu münasibətlər bütün sahələrdə, o cümlədən ticari-iqtisadi sahədə, siyasət və mədəniyyət istiqamətlərində özünü göstərir. Xüsusilə, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir.

2018-ci il dekabrın 14-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası keçirilib, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm gətirir. Azərbaycan Prezidentinin 2018-ci ilin sentyabrında Rusiyaya səfəri zamanı 16 sənəd imzalanıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin keçən ilin sentyabrında ölkəmizdə səfərdə olub və bu səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycana 4,2 milyard dollardan artıq investisiya qoyub. Azərbaycanda təqribən 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edir.

“Xırda məişət hadisəsini şişirdərək münaqişə kimi təqdim etmək təxribatdan başqa bir şey deyil. Heç şübhəsiz ki, ölkələrimizin mövqelərinin güclənməsi bəzi qüvvələri narahat edir və onlar xalqlarımız arasında düşmənçilik toxumu səpərək öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Şübhəsiz ki, erməni lobbisi də həmin hadisəni öz mənafeyi naminə şişirtməkdə və ona siyasi rəng verməkdə maraqlıdır və bu, onların Azərbaycan ilə Rusiya arasındakı strateji tərəfdaşlıq münasibətlərini pozmaq istəyindən irəli gəlir. Bu insidentin bu cür əks-səda doğurması da məhz onların təsirinin nəticəsidir. Lakin bu cəhdlər əbəsdir. Heç bir qüvvə Azərbaycan və çeçen xalqları arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinə xələl gətirə bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.