İQTİSADİYYAT


Elçin Məmmədov: “ƏDV geri al” layihəsi iqtisadiyyatda şəffaflaşmaya xidmət edən layihələrdən biridir

Bakı, 27 may, AZƏRTAC

“ƏDV geri al” layihəsinin işə düşməsindən iki ilə yaxın vaxt keçir. Son illərin diqqətçəkən layihələrindən olan “ƏDV geri al” cəmiyyətdə çox populyar, eyni zamanda öz məqsədləri baxımından iqtisadiyyatda şəffaflığı təmin etməyə yönəli innovativ bir layihədir.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, layihənin məqsədləri, əldə olunan nəticələrlə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergiödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov şərh verib.

Onun sözlərinə görə, “ƏDV geri al” layihəsi iqtisadiyyatda şəffaflaşmaya xidmət edən layihələrdən biridir. İki il əvvəl layihənin detalları müzakirə olunarkən Dövlət Vergi Xidməti bu alətin “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılmasında effektiv rol oynamasını hədəfləyirdi: “Birincisi, biz biznesin işində şəffaflığın artmasına və ƏDV ödəyicilərinin real döviyyələrinin üzə çıxarılmasına nail olmaq istəyirdik. İkincisi, nağdsız hesablaşmalarda artıma nail olmağı hədəfləyirdik. Üçüncü məqsədimiz o idi ki, prosesə nəzarət vergi xidmətinə əlavə inzibatçılıq yükü yaratmasın, əksinə, vətəndaşların nağd əməliyyatların rəsmiləşdirilməsində maraqlı tərəf kimi çıxış etməsini təmin etməklə prosesə dinamiklik gətirməyi nəzərdə tuturduq. Əgər biz bu hədəflərə nail olmaq baxımından dəyərləndirsək, layihəni bu sahədə effektiv hesab etmək olar”.

E.Məmmədov qeyd edib ki, 2020-c ilin may ayından ölkədə pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir, layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir və vergi orqanları qarşıya qoyulan məqsədə nail olublar. Belə ki, layihənin icrası nəticəsində vergiödəyicilərinin real dövriyyələrinin üzə çıxarılması təmin edilib. 2022-ci ilin yanvar-aprel aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 6,1 milyard manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,9 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.