İQTİSADİYYAT


Elçin Məmmədov: Bu günədək 800-dən çox obyektdə monitorinq aparılıb

Əhalinin sağlamlığının qorunması monitorinqin başlıca məqsədidir

Bakı, 22 iyul, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergiödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov şənlik mərasimlərinin təşkil edildiyi məkanlarda keçirilən nəzarət tədbirləri barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Elçin müəllim, artıq bir müddətdir ki, aidiyyəti dövlət qurumları şənlik mərasimlərinin təşkil edildiyi məkanlarda monitorinqlər aparır. Həyata keçirilən nəzarət tədbirlərinin məqsədləri barədə nə deyə bilərsiniz?

- Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il iyulun 1-dən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin keçirilməsinə icazə verilib. Bildiyiniz kimi, bu tədbirlərdə koronavirus infeksiyasına qarşı tələblərə nəzarəti təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qrupları Bakı şəhərində və respublikanın digər regionlarında şənlik mərasimlərinin keçirildiyi obyektlərdə müntəzəm monitorinqlər aparır.

Şənlik mərasimlərinin başlanmasına icazə verildiyi tarixdən bu günə qədər 800-dən çox obyektdə monitorinq aparılıb. Monitorinq qruplarının əsas məqsədi Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyətinə nəzarət etməkdir və qaydaların pozulması hallarına rast gəldikdə onların qarşısını almaqdır.

Məhz monitorinq qruplarının aktiv fəaliyyətinin nəticəsidir ki, bu gün əksər şadlıq evlərində Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərin gözlənilməsi təmin olunur. Düzdür, bir sıra hallarda pozuntulara rast gəlinir. Əsas rast gəlinən məsələlər bir sıra hallarda məkan sahiblərinin şənlik mərasimlərini müvafiq “icaze.e-gov.az” portalında qeydə salmadan təşkil etməsi, yaxud zalların ölçüsü imkan vermədiyi halda daha çox qonaq qəbul etmək üçün sifariş qəbul etməsi ilə bağlıdır. Ən çox rast gəlinən hal isə toylarda qonaqların say məhdudiyyətinin pozulması, mərasimlərə qatılan şəxslərin COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlərə malik olmamalarıdır.

Belə hallarda monitorinq qrupları məkan və toy sahibləri ilə müvafiq izahat işləri aparır, rast gəlinən və həll oluna bilən pozuntu halları yerindəcə aradan qaldırılır və toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunur. Qeyd etməliyəm ki, monitorinq qrupunun fəaliyyətinə şərait yaradılması mütləqdir və hələlik biz bu sahədə ciddi bir narahatlıq müşahidə etmirik.

- Monitorinq qruplarının işi necə qurulub? Məsələn, səlahiyyətli nümayəndələr monitorinqləri toy zalında aparırlarmı?

- Şənliklərin keçirilməsinə nəzarətin təmin edilməsi ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Vergi Xidməti və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrindən ibarət yaradılmış monitorinq qruplarının fəaliyyəti əlaqələndirilir, risk meyarlarına uyğun olaraq nəzarət tədbirlərinin keçirilməsi müəyyənləşdirilən məkanlarda müəyyən edilmiş proseslərə uyğun olaraq nəzarət tədbirlərinin həyata keçirilməsi təmin edilir.

Monitorinq qrupu şənlik mərasimləri başlamamışdan əvvəl məkanların ərazisini, stollar ətrafında və arasında məsafələri, adambaşına düşən sıxlıq normalarını, işçi heyətin müvafiq tələblərə uyğunluğu və zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsi vəziyyətini yoxlayır. Bundan başqa, tədbirin keçirildiyi zalın girişində şənlik mərasimində iştirak edəcək qonaqların COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlərə malik olması vəziyyəti yoxlanılır.

Tədbirlər zamanı şənlik iştirakçılarına narahatlıq yaratmamaq üçün mümkün qədər toyun keçirildiyi məkana daxil olmamağa çalışılır. Lakin müəyyən edilmiş qayda və tələblər kobud şəkildə pozulacağı halda qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istisna edilmir.

- Qaydalarda həm toy sahibləri, həm də məkan sahibləri üçün müəyyən tələblər mövcuddur. Şənlik mərasimlərini təşkil edən məkanlar üçün tələblər nədən ibarətdir və bu tələblərə əməl edilməsi vəziyyəti nə yerdədir?

- Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla çalışan işçi heyət barədə məlumat “icaze.e-gov.az” portalına daxil edilməldir.

Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı barədə məlumatlar portalda olmalıdır. Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi birlikdə məsuliyyət və cavabdehlik daşıyırlar. Belə ki, 150 nəfərdən çox iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağandır.

Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, iyulun 1-dən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan müvəqqəti işə cəlb edilmiş işçilər də daxil olmaqla işçi heyətin azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir. Bu zaman avqustun 1-dək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir. Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

Monitorinqlər zamanı şənlik mərasimlərinin keçirildiyi məkanlarda əsasən sıxlıq, portala məlumatların düzgün daxil edilməməsi, işçi heyətin fərdi qoruyucu vasitələrlə təmin olunmaması, şadlıq sarayının sahibi ilə məclis sahibi arasında imzalanan iltizamnamənin tələblərinə əməl edilməməsi kimi pozuntular qeydə alınıb.

Aparılan təhlillər zamanı bir sıra şənlik mərasimləri keçirilən məkanların və ya müəssisələrin sahibləri tərəfindən “icaze.e-gov.az” portalına daxil olunmalı məlumatların düzgün daxil edilmədiyi halları müəyyən edilib. Məsələn, tədbirin keçiriləcəyi tarix, başlama və bitmə vaxtları, xidmət göstərəcək işçi heyətin sayı barədə məlumatlar portala dəqiq daxil edilmir. Bundan əlavə, monitorinqlər zamanı məkan sahibləri tərəfindən əsasən qonaqların say həddinin pozulması, müəyyən edilmiş sıxlıq normalarına, işçi heyətə dair tələblərə əməl etməməsi müşahidə edilir.

İndiyədək aparılan monitorinqlər zamanı, həmçinin 21 halda şənlik mərasimlərinin “icazə.e-gov.az” portalına daxil etmədən təşkil edilməsi halları aşkarlanıb. Belə mərasimlərin keçirilməsi dayandırılıb, aşkar edilmiş hallar protokallaşdırılıb və məkan sahibləri müvafiq qanunvericiliyə əsasən, cərimələniblər. Eyni zamanda, monitorinqlər zamanı toy və məkan sahiblərinin də aidiyyəti dövlət qurumlarını aldatmaq cəhdləri müəyyən edilib. Belə ki, bir sıra məkanlarda toyların bir neçə zal arasında bölünməsi yolu ilə daha çox sayda qonaqların iştirakına şərait yaradılması müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, 150 nəfərdən çox iştirakçısı olan şənlik mərasimlərinin açıq və qapalı məkanda keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağandır. Şənlik mərasimlərinin eyni məkanda müxtəlif zallar arasında bölünməklə həyata keçirilməsi müvafiq tələblərin pozulmasına gətirir.

- Şənlik mərasimi təşkil edən obyektlərin sahiblərinə nəyi bildirmək istərdiniz? Qaydaları pozduqları halda onları nə kimi cəza tədbirləri gözləyir?

- Monitorinqlər zamanı aşkarlanan nöqsanlara istinad edərək bildirmək istəyirəm ki, şənlik mərasimlərinin təşkili ilə məşğul olan məkan sahibləri mövcud zalların ölçülərinə uyğun sifariş qəbul etməli, işçi heyətini tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrlə tam şəkildə təmin etməlidirlər. Bir daha vətəndaşlara müraciət edərək toy, nişan, ad günü və sair tədbirlərin təşkili zamanı anlaşılmazlıqların baş verməməsi üçün təşkilatçılardan qonaqların say məhdudiyyəti amilini nəzərə almalarını, gələn qonaqların müvafiq sənədlərə malik olmasını əvvəlcədən dəqiqləşdirmələrini tövsiyə edirik.

Şənlik mərasimlərini təşkil edən məkan sahiblərinin nəzərinə çatdırılır ki, belə mərasimlərin “icazə.e-gov.az” portalına daxil edilmədən təşkili, həmçinin toyların bir neçə zal arasında bölünməsi yolu ilə daha çox sayda qonaqların iştirakına şərait yaradılması halları müəyyən edilərsə, həmin məkanların sahiblərinə qarşı İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq ediləcək. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının pozulmasına yol vermiş fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək, hüquqi şəxslər 5000 manatdan 11.000 manatadək məbləğdə cərimə edilir.

İşin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə, şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul oluna bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.