SİYASƏT


Elçin Mirzəbəyli: Əldə olunan uğurlar Azərbaycanda həyata keçirilən əsaslı islahatların ilkin nəticələridir

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlətimizin başçısı qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini və müsbət dinamika alan ümumi iqtisadi vəziyyətin rəqəmlərdə əks olunduğunu bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, bu ilin altı ayında iqtisadiyyatımız 2,4 faiz artıb. Qeyd edilib ki, bu göstərici MDB məkanında ən yüksək göstəricilərdən biridir. Məsələn, bu ilin altı ayında Rusiya iqtisadiyyatında 0,6 faiz, Ukrayna iqtisadiyyatında 1,2 faiz, Belarus iqtisadiyyatında isə 1 faiz artım olub. Qeyri-neft sənayesinin inkişafında isə Azərbaycan daha geniş arealda, neft ixrac edən ölkələrin sırasında liderliyini qoruyub saxlayır. Belə ki, bu ilin 6 ayında ölkəmizin qeyri-neft sənayesindəki artım 15,7 faiz təşkil edib. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli səsləndirib.

O qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafında da rekord göstərici qeydə alınıb və ölkəmizin aqrar sektoru son altı ay ərzində 13 faiz artıb. Bu göstərici üzrə də Azərbaycan MDB məkanında liderdir.

Ekspertin sözlərinə görə, ölkə iqtisadiyyatının müxtəlif sahələri üzrə əldə olunan nəticələr Azərbaycanda həyata keçirilən dərinləşdirilmiş islahatların ilkin nəticələridir. İqtisadiyyatımızın inkişafında nəzərəçarpan dinamika sübuta yetirir ki, 2019-cu ilin sonunda bu göstəricilər daha da yüksək olacaq. O qeyd edib ki, ölkə iqtisadiyyatının inkişafında nəzərəçarpan ən önəmli məqamlardan biri də ticarət dövriyyəsinin 20 faizdən çox artmasıdır. E.Mirzəbəyli vurğulayıb ki, Dünya Bankının qiymətləndirməsinə görə bu ilin sonunadək MDB məkanında Azərbaycan, Özbəkistan və Gürcüstan istisna olunmaqla, digər ölkələrdə iqtisadiyyatda geriləmə baş verəcək. Azərbaycan, Özbəkistan və Gürcüstanın iqtisadi potensialını, daxili və regional sabitlik amillərini, bu ölkələrin iqtisadiyyatlarının kənar faktorlardan asılılıq dərəcəsini nəzərə alsaq, Azərbaycanın çox böyük bir fərqlə irəlidə olacağı şübhə doğurmur.

Ayrı-ayrı ölkələrin iqtisadiyyatlarında baş verən müsbət və mənfi dəyişiklikləri müqayisə edərkən, bir mühüm amili də nəzərdən qaçırmamaq lazım olduğunu deyən siyasi ekspert deyib: “Xüsusi olaraq qeyd olunmalıdır ki, Azərbaycan iqtisadiyyatının ən müxtəlif sahələrində baş verən irəliləyişlər ölkəmizdə vətəndaşların sosial rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı sosial layihələrin fonunda baş verib. Bu, çox mühüm faktordur. Yəni, Azərbaycan əldə etdiyi gəlirlərin əhəmiyyətli hissəsini vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına sərf edib. Minimum əməkhaqları, pensiyalar, təqaüdlər artırılıb. Şəhid ailələrinin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması, onların layiqli həyat sürmələrinin təmin edilməsi istiqamətində çox mühüm addımlar atılıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.